"Gürcü Arzusu"nun trol fabrikində üç ay

"Gürcü Arzusu"nun trol fabrikində üç ay
31 Oktyabr 2022
Mətni dəyiş

Gürcüstanda gənclər 110 dollar qarşılığında trol fəaliyyətinə cəlb olunub

17 yaşında Nino (şərti ad) seçkidən əvvəl ölkənin hakim partiyasında işləmək həvəsi ilə “Gürcü Arzusu”nun gənclər qanadına qoşulur. Ancaq üç aylıq sosial media kampaniyası müddətində manipulyasiya, yalanlar, yerinə yetirilməmiş vədlər və yorğunluq onu kədərləndirir və məyus edir.

"Keçən ilin sentyabrında dostum mənə dedi ki, “Gürcü Arzusu” Rustavidəki gənclər qanadına işə qəbul keçirir və mən də qeydiyyatdan keçməyə qərar verdim"- Nino deyib.

Onun sözlərinə görə, orta məktəbin son sinfində oxuduğu üçün boş vaxtı çox olurdu və istədiyi vaxt gəlib-gedə bilirdi: "Bu yaxşı bir fürsət kimi görünürdü. Mən yeni bir şey öyrənmək və iş təcrübəsi qazanmaq üçün qoşulmaq qərarına gəldim. Bizə ayda 300–400 lari (110–150 dollar) maaş vəd etdilər".

Ancaq 2022-ci ilin yanvarına çatanda reallıq Ninonun təsəvvür etdiyindən çox fərqli olub və sonrakı aylarda daha da pisləşib: ""Gürcü Arzusu"nda işlədiyim üç ay ərzində gördüm ki, onlar bizə demək olar ki, hər şey haqqında yalan danışıblar".

Müxalifəti trollamaq

Ofisə gələndə diqqətini çəkən ilk şey yeni həmkarları olub. Düşünüb ki, Gürcüstanın hakim partiyasında işləyərək ondan bir qədər yaşlı insanlarla ünsiyyət quracaq və iş çox ciddi olacaq.

"Əvəzində gördüm ki, mən yaşda olan qızlardan ibarət komandadayam və hamımız xoşbəxt idik. Qrupda 28 qız var idi. Bizim əsas vəzifəmiz Rustavidə keçiriləcək növbədənkənar seçkilər ərəfəsində “Gürcü Arzusu”na səs toplamaq idi, lakin bizi buna məcbur etmələri bəzən çox qəribə olurdu" - o bildirib.

Nino deyir ki, onların qrup lideri Lazare adlı partiya nümayəndəsi idi: "Hamımız qız olduğumuz üçün o, bizi 'Lazarenin mələkləri' adlandırdı və komandamızın 'Messenger' söhbətinə eyni adı verdi".

Onun sözlərinə görə, əvvəlcə dedilər ki, bütün işlər sosial şəbəkədə olacaq, hər şeyi özlərinin 'Messenger' və 'Facebook' hesablarından dərc edirdilər. "Bizdən “Gürcü Arzusu”nu dəstəkləyənlərin postlarının şərhlərinə mavi ürəklər qoymağı, həmin postları bəyənməyi, həştəqlərdən istifadə etməyi, namizədlərə seçkilərdə uğurlar arzulamağı və öz səhifələrimizdə paylaşımlar etməyi xahiş etdilər. Bir növ gənclər fləşmobu. Həmçinin, müxalifəti ələ salmalı idik. Qrupumuza [müxalifət lideri və keçmiş prezident] Mixeil Saakaşvilinin yazılarının altında şərh yazmağı bildirdilər. Bizə dedilər ki, "haha" ilə reaksiya verərək onu aşağılamaq və ya rüsvay etmək üçün nəsə yazaq"- deyə Nino bildirib.

Pozulmuş vədlər və itən maaşlar

Şərti adı Nino olan gənc deyir ki, o tez-tez evə məyus qayıdırdı, ən pis şeyin isə hələ qarşıda olduğunu bildirdi. Onlara ayda 300–400 lari vəd edilsə də, bunun da yalan olduğu ortaya çıxıb. Nəhayət, bütün üç ay ərzində hər birinə cəmi 100 lari (36 ABŞ dolları) maaş verilib.

"Komanda liderimiz ona bu barədə etiraz edəndə qəzəbləndi və qısaca izah etdi ki, onun da müdiri var, ona görə də bu, onun günahı deyil. Amma dostlarımızdan bilirdik ki, Rustavidəki digər “Gürcü Arzusu” gənclər qruplarına 300 lari (110 dollar) ödənilib", Nino bildirir.

Gənc xanımın sözlərinə görə, sonda əllərindən heç nə gəlməyib. Müqavilə imzalamayıblar və onlara əvvəldən deyilib ki, işə yeni başladıqları üçün maaşlarını sonra alacaqlar: "O vaxt bu, mənə yaxşı görünürdü. Əvvəllər heç bir işim olmamışdı, ona görə də yalnız onlar bütün vədlərini pozduqda bu sənədlərin nə üçün vacib olduğunu başa düşdüm. Özümü aldanmış hiss etdim, amma heç nə edə bilmədim".

Nino mart ayında qərara gəlib ki, bu məsələni bitirmək vaxtıdır. Dostlarına mesaj göndərib və ofisə gedib Lazaraya daha onlarla işləmək istəmədiyini bildirmək üçün gücünü toplayıb. ""Gürcü Arzusu"nun qərargahındakı vaxtım beləcə sona çatdı. Müqaviləsiz, üç aylıq tam iş günü üçün 100 lari əmək haqqı və "işdən" çıxmaq üçün təkan" - Nino bildirib.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun