Ermənistan müxalifəti Paşinyanın sülh müqaviləsi adı altında yeni kapitulyasiyaya getdiyini deyir

Ermənistan müxalifəti Paşinyanın sülh müqaviləsi adı altında yeni kapitulyasiyaya getdiyini deyir
20 Oktyabr 2022
Mətni dəyiş

Deputat: "Bizim bir yolumuz var: uğursuz və ölkəni belə vəziyyətə gətirən indiki hakimiyyət getməlidir" 

“Hayastan” parlament fraksiyasının deputatı İşxan Saqatelyan əmindir ki, Paşinyan Ermənistanı yeni kapitulyasiyaya apararaq ölkəni növbəti müharibə təhlükəsi altına qoyacaq. Bu haqda Azadlıq Radiosunun erməni bürosu məlumat verir. 

“Qonşu düşmən ölkələr sülh istəmir, Ermənistanın məhv olmasını istəyirlər, "Artsax"ın (oxu: Tanınmamış Dağlıq Qarabağ Respublikası ) Azərbaycanın tərkibində qalmasını istəyirlər və bu, sülh deyil. Nə etməliyik? Bizim bir yolumuz var: uğursuz və ölkəni belə vəziyyətə gətirən indiki hakimiyyət getməlidir, həm müdafiə sahəsində, həm də ölkənin xarici siyasətində dönüş nöqtəsinə nail olmaq lazımdır” - Saqatelyan radioya verdiyi müsahibəsində bildirib. 

“Daşnaksütyun” Partiyasının üzvü sazişin ilin sonuna qədər bağlanması ilə xəbərlərə münasibət bildirərək deyib ki, “Nikol Paşinyanın ölkəni yeni kapitulyasiyaya aparmaq üçün xalqdan mandatı yoxdur. Çox şey deyə bilər. Onun bu cür qərarı qeyri-legitim və qanunsuzdur”.

Saqatelyan kapitulyasiyaya aparan müqavilənin imzalanmasının qarşısını alacaqlarını iddia edib, lakin konkret olaraq hansı addımları atacaqları barədə detallar verməyib:

“Yaxın vaxtlarda addımlarımız və hərəkətlərimiz haqqında hesabat verəcəyik. Biz ölkənin yeni kapitulyasiyasının qarşısını almaq üçün hər şeyi edəcəyik”.

Müxalifətin bu şərtlər altında sülh müqaviləsinin bağlanmasının qarşısını alacağı ilə bağlı suala Saqatelyan belə cavab verib: “Bu, sülh müqaviləsi deyil, kapitulyasiyadır. Bu, çox aydın şəkildə müəyyən edilməlidir və müxalifət bir qrup adamın ölkəni məhvə doğru aparmasına göz yumub baxa bilməz. Təbii ki, biz addımlar atmalıyıq və atacağıq”.

Yerevanla Bakı arasında əsas məsələlər, delimitasiya xəritələri, Zəngəzur dəhlizi və Dağlıq Qarabağla bağlı fikir ayrılıqları olsa da, Ermənistanın hakim orqanları ən yüksək səviyyədə Azərbaycanla iki aydan sonra sülh müqaviləsi imzalamaq niyyətində olduqlarını bəyan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun