"Bəylər müəllim, xahiş edirəm, deyin məni məhkəməyə buraxsınlar"

"Bəylər müəllim, xahiş edirəm, deyin məni məhkəməyə buraxsınlar"
14 Oktyabr 2022
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsinin spikeri Telman Hüseynov: “Bəlkə yenə məhkəməyə gecikib?

Vəkil Elçin Sadıqov müvəkkili, "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəməyə buraxılmayıb. AbzasMedia-ya bu barədə vəkilin özü məlumat verib.

Elçin Sadıqov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin nəzarətçiləri onu prosesin baş tutduğu zala buraxmayıblar.

Onun sözlərinə görə, nəzarətçilər tapşırığı məhkəmədən alıblar:

“Qorxurlar ki, vəsatəti yenə qaldıraram. (oxu: Ramiz Mehdiyev və Bəylər Eyyubovun məhkəməyə gətirilməsi ilə bağlı vəsatət)

Rasim Məmmədov özü də mənim prosesə buraxılmamağıma etiraz edib və vəsatət qaldırılıb ki, mən məhkəməyə buraxılım. Hakimlər müşavirəyə gediblər, qayıdıb deyiblər ki, bu məsələyə sonra baxılacaq. Yəqin ki, sifariş gözləyirlər. Mən bilmirəm necə olacaq, ancaq qanunvericiliklə belə hal baş verə bilməz və mən məhkəməyə buraxılmalıyam” – deyə vəkil Elçin Sadıqov bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin spikeri Telman Hüseynov AbzasMedia-ya bildirib ki, ola bilsin ki, Sadıqov məhkəməyə gecikdiyi üçün zala buraxımayıb.

Onun sözlərinə görə, əvvəllər də belə hal yaşanıb:

“Bəlkə yenə məhkəməyə gecikib? Keçən dəfə prosesə gecikmişdi, mənə müraciət etmişdilər. Ancaq təqsirləndirilən şəxsin digər iki vəkili prosesdə iştirak etdiyindən hakim qanunvericiliyə uyğun olaraq qərar çıxartmışdı ki, buraxılmasın. Məhkəmə başlayıbsa, mane olmaq olmaz. Bilmirəm bu dəfə necə olub, araşdıracağam” – deyə spiker bildirib.

Elçin Sadıqov isə deyib ki, məhkəməyə gecikməyib, hətta prosesin başlama tarixindən 20 dəqiqə əvvəl orada olub.

Rasim Məmmədovu 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.

O,  “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Elçin Sadıqov məhkəmədə R. Məmmədovun hüquqlarını müdafiə edir.

Vəkil barəsində 11 sentyabrda Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. E.Sadıqov  Cinayət Məcəlləsinin 32.5, 311 (rüşvət almaya köməkçilik etmək) maddəsiylə ittiham olunub. E. Sadıqov ittihamları qəbul etməyib. O bildirib ki, Rasim Məmmədovun işində Bəylər Əyyubov və Ramiz Mehdiyevin məhkəməyə çağırılması ilə bağlı vəsatət verdiyinə görə onu cəzalandırırlar.

17 sentyabrda Bakı Apelyasiya Məhkəməsi həbs qətimkan tədbirini dəyişərək vəkili ev dustaqlığına buraxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun