Böyük Britaniyanın Baş naziri Liz Trass vəzifəsindən istefa verəcəyini açıqlayıb

Böyük Britaniyanın Baş naziri Liz Trass vəzifəsindən istefa verəcəyini açıqlayıb
20 Oktyabr 2022
Mətni dəyiş

Onun istefasına səbəb kimi irəli sürdüyü iqtisadi proqram göstərilir

45 gündür Böyük Britaniyanın Baş naziri olan Liz Trass bu gün yaydığı bəyanatda vəzifəsindən istefa verəcəyini açıqlayıb. 

BBC məlumat verir ki, bu addıma səbəb olaraq onun baş nazir seçilməsindən sadəcə altı həftə sonra bazarlarda şok dalğası yaradan və Mühafizəkarlar Partiyasını bölən iqtisadi proqramı göstərilir. 

Böyük Britaniyada baş nazirə qarşı reaksiyalar sentyabrın 23-də maliyyə nazirinin Trassın vəd etdiyi “Artım planı 2022” adlı irimiqyaslı islahatlar planını vergi endirimlərinin detalları ilə açıqlamasından sonra başlayıb. Plan həm əhali üçün sosial yardım tədbirlərini, həm də son onilliklərdə ən əhəmiyyətli vergi azaldılmasını nəzərdə tuturdu, amma alınacaq borcların dövlət borcuna necə təsir edəcəyini açıqlamırdı.

Bu açıqlama ilə bazarlar sarsılıb, funt sterlinq dəyərini itirib və Mühafizəkarlar Partiyasının millət vəkilləri Trassın istefasını tələb edib. 

Trassın istefa bəyanatından sonra funt dollar qarşısında bir az dəyər qazanıb.

Britaniya tarixinin ən qısamüddətli baş naziri olan Trassın yerinə gələcək şəxsi seçmək üçün növbəti həftə ərzində hökumət seçkiləri keçiriləcək. 

Bundan əvvəl Corc Kanninq 1827-ci ildə vəfat etdiyi zaman 119 gün xidmət edərək bu rekorda sahib idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun