AXCP-nin 7 üzvü aksiyadan əvvəl saxlanılıb

AXCP-nin 7 üzvü aksiyadan əvvəl saxlanılıb
24 Oktyabr 2022
Mətni dəyiş

“Polis Baba Süleymanı iş yerindən aparıb”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilatçılığı ilə bu gün keçiriləcək aksiyadan əvvəl 7 nəfər saxlanılıb. Bu barədə partiyanın Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov AbzasMedia-ya məlumat verib.

Partiyadan bildirilib ki, polis əməkdaşları AXCP üzvü Baba Süleymanın iş yerinə gedərək onu polis bölməsinə aparıb.

Eyni zamanda, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu və Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) üzvü Ənvər Ağamalızadənin də saxlanıldığı bildirilib.

Oktyabrın 24-də AXCP-nin Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiyası planlaşdırılıb. Aksiya siyasi məhbuslara azadlıq, sərbəst toplaşmaq azadlığının təmin olunması və digər tələblərlə keçiriləcək. Aksiyadan əvvəl razılıq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, qurum ərazinin insanların və nəqliyyatın hərəkəti baxımından aktiv yer olduğunu əsaas gətirərək, tədbirin keçirilməsini məqsədəuyğun hesab etməyib.

Buna baxmayaraq partiya bildirib ki, sərbəst toplaşmaq hüququ konstitusion hüquqdur və aksiya keçiriləcək.

Daxili İşlər Nazirliyi isə aksiya ilə bağlı məlumat yayaraq qarşısının alınacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun