Sovet rəsmilərinə “SSRİ-ni biabır edən” şahmatçını cəzalandırmaq üçün bəhanə lazım idi - Yadigar Sadıqlı

Sovet rəsmilərinə “SSRİ-ni biabır edən” şahmatçını cəzalandırmaq üçün bəhanə lazım idi - Yadigar Sadıqlı
26 Yanvar 2022
Mətni dəyiş

Yadigar Sadıqlı Mark Taymanov 1960-cı illərin sonlarında SSRİ-nin güclü şahmatçılarından biri sayılırdı. O, dünya çempionluğu uğrunda iddiaçılar turnirinin ¼ finalında Robert Fişerlə qarşılaşdı.

10 partiyadan ibarət olması planlaşdırılan matç 1971-ci ilin mayında Kanadanın Vankuver şəhərində keçirilirdi. Qalib gəlmək üçün beş xaldan artıq toplamaq lazım idi. Fişer favorit idi, amma baş verəcək hadisələr kimsənin ağlına gəlməzdi. Amerikalı şahmatçı altı oyunda altı qələbə qazandı – 6:0. Bu inanılmaz nəticə idi.
Taymanov vətənə qayıdarkən sürprzilə üzləşdi. Adətən idmançılar gömrüyü keçərkən yoxlamaya məruz qalmırdılar. Bu dəfə isə onun yükünü əməlli-başlı axtardılar, deklarasiya olunmayan valyuta (1100 qulden) və daha pisi, Soljenitsının xaricdə çap olunan və SSRİ-də qadağan edilən “Birinci dairədə” kitabını tapdılar.
Taymanovun sonralar verdiyi müsahibədə deyilirdi ki, pullar sovet qrossmeysteri Salo Florun xaricdə çap edilən məqalələrinin qonorarı idi. Bunu FİDE prezidenti Maks Eyvenin məktubu da təsdiqləyirdi. Amma sovet rəsmilərinə “SSRİ-ni biabır edən” şahmatçını cəzalandırmaq üçün bəhanə lazım idi.
Onu əməkdar idman ustası adından məhrum etdilər, dövlətin qrossmeysterlərə verdiyi təqaüdü azaltdılar, Fişerlə görüş ərəfəsində verilən mənzili geri aldılar, xarici səfərlərə buraxmadılar. Halbuki, Taymanov təkcə şahmatçı deyil, həm də tez-tez qastrollara çıxan məşhur pianoçu idi.
Taymanov o qədər təzyiqlərə məruz qaldı ki, kitabına görə cəzalandırıldığı Soljenitsından belə daha arzuolunmaz şəxsə çevrildi. Özünün dissident əhvalı ilə seçilən musiqiçi Rostropoviçin hadisəyə reaksiyası bu vəziyyəti yaxşı izah edirdi: “Soljenitsının başına gələnlərdən xəbəriniz var? Onda Taymanovun “Nimtsoviç müdafiəsi” kitabını tapıblar”.

Yalnız ilyarımdan sonra bir qədər yumşalma oldu. Əməkdar idman ustası adını qaytarmaları üçün isə 20 il lazım gəldi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun