Adını "media kapitanı" qoyub özünü NKVD serjantı kimi aparanlar... - Rövşən Əliyev

Adını "media kapitanı" qoyub özünü NKVD serjantı kimi aparanlar... - Rövşən Əliyev
1 Yanvar 2022
Mətni dəyiş

Bu, hüquq fələsfəsi ilə məşğul olanlar üçün əlifbadır, ancaq mandatlı hüquqşünaslar sizə deməyəcəklər: media qanunu, etika və tənzimləmə demokratiyanın təməlləri olan fikir, ifadə və söz azadlğına əsaslanmalıdır.

Əsasən üç elementdən ibarət bu klaster həmin təməl hüquqları sarsıtmağa, məhdudlaşdırmağa yox, gerçəkləşdirməyə yönəlməlidir.

Media qanununun hazırlanmasında sahənin peşəkarları, qəbulunda vətəndaşların seçkili nümayəndələri iştirak edir. Etika normaları yalnız jurnalist kollektivlərində və birliklərində qəbul olunur.

Tənzimləməyə hökumət baxır. Demokratik ölkələrin praktikasına görə, media proseslərə maneəsiz işıq salır. Proselərin vacib hissəsi pablik fondların necə xərclənməsidir, hökumətin nə işlə məşğul olmasıdır. Yəni bu işə işıq salmaq, onu maneəsiz nəzarətdə saxlamaq xəbər mediasının təbii işidir, haqqıdır.

Amma hökumətin daim medianı nəzarətdə saxlaması bunun əksidir, absurddur. Birincisi, media özünü tənzimləməlidir. İkincisi, mübahisəlli məsələlərə məhkəmə baxır, hökumət yalnız qanundan doğan texniki məsələlərə baxmalıdır.

"Media haqqında" qəbul olunmaq üzrə olan qanun isə əksinə, hökumətin daim mediaya nəzarətinə, vətəndaşın informasiya alması və yaymasını məhdudlaşdırmağa hesablanıb.

Vətəndaşın istədiyi informasiyanı alması, istənilən fikri deməsi, yayması (ayrı-seçkiliyə və zorakılığa çağrış istisna olmaqla) təməl haqlardandır. Bu, universal dəyərdir, dünya ölkələrinin böyük çoxluğunun imzası ilə 1948-ci ildə qəbul olunub. Üstəlik, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasında buna ayrıca imza atıb.

Media bu haqları gerçəkləşdirməyə yardım edən xidmət və biznes sahəsidir. Bu haqlar media vasitəsi ilə də gerçəkləşdirilə bilər, fərdi də. İndi bu təməl hüquqlara qəsd edən bir qanun layihəsi tələsik, xəlvətcə hazırlanıb, ictimai müzakirə görsənişi yaradılıb, Eynullanın redaktor qalması xətrinə ordan iki maddə (26.3.1 və 74.2.3) çıxarılıb, bu da, yəqin, ictimai müzakirənin nəticəsi kimi qələmə veriləcək.

Öz adını "media kapitanı" qoyub özünü NKVD serjantı kimi aparanları, vətəndaşın ağzını yummağa çağıranları isə jurnalist adlandırmaq Əli Həsənovun vaxtında da ayıb bir şey idi, innən belə də ayıb bir şey olacaq.

Bircə dəvəquşu kimi başını kormuşkaya soxanlar bunu görmək istəmirlər.

Rövşən Əliyev, media eksperti

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun