KİV: Rusiyalı oliqarxların təyyarələri sanksiyalardan yayınaraq Avropanın üzərindən uçur

KİV: Rusiyalı oliqarxların təyyarələri sanksiyalardan yayınaraq Avropanın üzərindən uçur
14 İyun 2022, 14:12
Rusiyalı oliqarxların təyyarələri sanksiyalardan yayınaraq Avropa üzərində uçuşlarını davam etdirir. Ümumilikdə 30-a yaxın belə uçuş qeydə alınıb. Bu barədə Almaniyanın "Welt" nəşri məlumat yayıb. Martın ortalarında Britaniya hakimiyyəti milyarder Roman Abramoviçin dostu hesab edilən milyarder, "Millhouse" investisiya şirkətinin rəhbəri Yevgeni Şvidlerin təyyarəsinə həbs qoyub. Hələ həbs olunmazdan əvvəl onun təyyarəsi Almaniya hava məkanı da daxil olmaqla, Avropa İttifaqı daxilində səkkiz dəfə uçuş həyata keçirib. Şvidlerin təyyarəsi sonuncu dəfə martın 18-də Hamburqdan Londona uçmuşdu. Digər rusiyalı oliqarx Alişer Usmanovun təyyarəsi fevralın 28-də (hava məkanının bağlanmasının ertəsi günü) Münhendən havaya qalxıb. Eyni zamanda iş adamının daha bir təyyarəsi Florensiyadan Daşkəndə uçub. San Marinoda qeydiyyatda olan və İsveçrə şirkəti tərəfindən idarə olunan rusiyalı iş adamı Albert Avdolyana məxsus təyyarə martın 2-də Nitsadan İstanbula uçub. Lüksemburqda qeydiyyatdan keçmiş, oliqarx Viktor Vekselberqə məxsus başqa bir təyyarə də aprel ayında Avropanı tərk edə bilib. Təyyarə Bazeldən havaya qalxaraq Avropa İttifaqının hava məkanını keçib və Qazaxıstanın paytaxtı Nur-Sultana enib. Bundan başqa, milyarder Aleksandr Zanadvorovun helikopteri Fransada sərbəst uçur. Sanksiyaların tətbiqindən bəri ən azı səkkiz uçuş qeydə alınıb. Biznes təyyarələri və helikopterlərin bu cür uçuşları onların Rusiyadan kənarda qeydiyyatda olması və qeyri-rus şirkətlərinə məxsus olması səbəbindən mümkündür. Oliqarxların təyyarələrini izləmək qeyri-şəffaf mülkiyyət strukturları, saxta və yaxud ofşor şirkətlər səbəbindən çətindir. Aİ-nin hava məkanının Rusiya təyyarələri üçün bağlanması Aİ-nin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tətbiq etməyə başladığı sanksiyalar paketinin bir hissəsi idi. Aİ və ABŞ həmçinin bir sıra rusiyalı iş adamlarına qarşı sanksiyalar tətbiq edib, onların aktivləri bloklanıb, yaxtalar və təyyarələrə həbs qoyulub, özlərinin də Avropa ölkələrinə girişi qadağan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun