Hökumət QHT-lərə verdiyi sözü tutdumu?

Hökumət QHT-lərə verdiyi sözü tutdumu?
14 İyun 2022, 9:51
Azərbaycanın uzun illərdir həllini gözləyən problemlərindən biri də qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin sıxışdırılmasıdır. İnkişaf etmiş ölkələrdə cəmiyyətin əsas sütunlarından biri olan bu institutla bağlı Azərbaycanda əsas ağrılı dövrlər 2013-cü il prezident seçkilərindən sonra başlayıb. Qeyri-hökumət təşkilatlarının nümayəndələri təqibə və həbsə məruz qalıb, bu təşkilatların bəzilərinin bağlanması üçün müxtəlif təzyiqlərdən istifadə olunub, təşkilatların fəaliyyətlərinin tənzimləyən qanunvericilik bazası demək olar ki, tamamilə formada dəyişdirilib. Hətta ölkə ərazisində fəaliyyət göstərən bəzi beynəlxaq təşkilatların da ofisləri qapadılıb. Amma prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunan dövrdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində  dövlət siyasətinin davam etdirilməsi nəzərdə tutulurdu. Bu məqsədlə “Vətəndaş cəmiyyətinin inkişafı sahəsində Milli Fəaliyyət Proqramı” hazırlanacağı və həyata keçiriləcəyi vəd edilirdi. Bildirilirdi ki, qeyri-hökumət təşkilatlarının sayı artırılacaq və onlar müxtəlif formalarda dövlət orqanlarının işində iştirak edəcəklər. Millət vəkili Ceyhun Məmmədov bildirir ki, dövlət qeyri-hökumət təşkilatlarının fəaliyyətinə xüsusi diqqət ayırıb və bu qurumlar dəstəklənir. Amma ümumilikdə qarşıya qoyulan məqsədlərə tam çatılmayıb. Hüquqşünas Rəsul Cəfərov da deyir ki, konsepsiyada bu mövzuda qeyd olunan heç bir vəd yerinə yetirilməyib, əksinə sözügedən qurumların fəaliyyətinə maneələr yaradılıb. Hüquqşünasın fikrincə, xüsusilə post müharibə dövründə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə böyük ehtiyac var. Mövzu ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə göndərdiyimiz sorğuya qurumdan verilən cavabdan belə aydın olur ki, konsepsiyada qeyd olunan müddəalar vəd edilən tarixə qədər öz həllini tapmayıb. Yalnız 2020-ci ildən QHT layihələrinin maliyyələşməsi üçün qrant müsabiqələri elan edilməyə başlanıb və bir sıra mühüm dövlət proqramlarının, fəaliyyət planlarının hazırlanması prosesində 2020-ci ildə də QHT-lər yaxından iştirak edib.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun