Azərbaycanda yeni hüquq müdafiə qurumu yaranıb

Azərbaycanda yeni hüquq müdafiə qurumu yaranıb
23 İyun 2022, 9:32

Bu gün hüquq müdafiəçiləri, fəallar və siyasi məhbusların ailə üzvlərindən ibarət bir qrup onlayn görüş keçirib. Görüşün yekunlarına görə "Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsi" (STRQMK) yaradılıb.

Komitə Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu QHT-nin tərkibində fəaliyyət göstərəcək. Komitənin sədri vəzifəsinə Gürcüstanda siyasi mühacirətdə olan hüquq müdafiəçisi Avtandil Məmmədov seçilib.

Koordinasiya qrupuna həmçinin keçmiş siyasi məhbus Fuad Əhmədli və siyasi məhbus-jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova da daxil olub.

Avtandil Məmmədovun Turan-a verdiyi məlumata görə, Komitənin yaranması həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hakimiyyətin tənqidçilərinin artan təqibləri, o cümlədən fəalların Avropadan deportasiyası və xaricdə onlara qarşı hücumlar şərtləndirib.

Təqib qurbanları və onların ailə üzvləri hüquqlarının müdafiəsi və istintaqda və məhkəmələrdə təzyiq, işgəncə, hüquq pozuntusu faktlarının ictimailəşdirilməsi üçün Komitəyə müraciət edə bilərlər.

Yeni qurum müntəzəm olaraq hesabatlar hazırlayacaq, KİV-lər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun