ABŞ Ukraynaya 1 mlrd. dollardan çox hərbi və humanitar yardım ayrıldığını elan edib

ABŞ Ukraynaya 1 mlrd. dollardan çox hərbi və humanitar yardım ayrıldığını elan edib
17 İyun 2022, 9:43

Çərşənbə günü Ağ Ev Ukraynaya gəmi əleyhinə komplekslər, artilleriya raketləri və haubitsa mərmiləri də daxil olmaqla, daha 1 mlrd. dollar dəyərində silah ayrıldığını elan edib, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.

"Bu gün səhər mən Rusiyanın Ukraynaya qarşı davam edən amansız müharibəsini müzakirə etmək üçün prezident Zelenski ilə danışdım. Birləşmiş Ştatların Ukraynanın yanında olacağına, onun demokratiyasını qoruyacağına və Rusiyanın əsassız təcavüzü qarşısında ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyinə sadiq olduğumu təsdiq etdim", deyə prezident Co Baydenin bəyanatında bildirilir.

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin NATO üzrə müttəfiqlərlə görüşdə elan etdiyi yardım paketi fevralın 24-də müharibə başladığı andan etibarən Ukraynanın təhlükəsizliyinə dəstək üçün 12-ci paket oldu.

"Ukraynalılar qəhrəmancasına mübarizə aparırlar", deyə Ostin Brüsseldə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumunun "mühüm məqamında" ABŞ və müttəfiqləri üç aydır davam edən bu münaqişəni diqqətdən kənarda qoya bilməz.

"Biz təslim ola bilmərik, çünki bu, çox baha başa gələr", deyə Ostin bildirib.

Pentaqonun məlumatına görə, ABŞ-ın Ukraynanın təhlükəsizliyi üçün 1 milyard dollar dəyərində yeni paketi aşağıdakı silahlardan ibarətdir:

- 18 ədəd 155 mm-lik haubitsa

- 36 000 ədəd 155 mm çaplı mərmi

- 18 ədəd 155 mm-lik haubitsaların yedəklənməsi üçün taktiki maşın

- yüksək mobil artilleriya raket sistemləri və ya HIMARS üçün döyüş sursatları

- avadanlıq və ehtiyat hissələrin təxliyəsi üçün 4 taktiki avtomobil.

ABŞ həmçinin Ukraynaya iki ədəd Harpoon sahil müdafiə sistemi, minlərlə qoruyucu radiostansiya, gecə görüş cinahzları və termal görüş cihazları təqdim edəcək, habelə təlim və texniki xidməti maliyyələşdirəcək.

Brüsseldə jurnalistlər qarşısında çıxış edən ABŞ Qərargahları Rəislərinin Birləşmiş Komitəsinin rəhbəri Mark Milli bildirib ki, Rusiyanın hücumunun başlanğıcından etibarən ukraynalılar 10 artilleriya diviziyası istəyib. "12 artilleriya diviziyası göndərilib", deyə o bildirib.

Ukrayna üzrə Əlaqə Qrupu da 97 000 tank əleyhinə sistem təqdim edib. "Bu, bütün dünyadakı tankların sayından çoxdur", deyə Milli bildirib.

"Onlar 200 tank istəyiblər, 237 tank təqdim edilib", deyə o, sözünə davam edib. "Onlar 100 ədəd Döyüş Piyada Maşını istəyiblər, 300-dən çox maşın göndərilib. Biz, kobud desək, təxminən 1600 ZRK və 60 minə yaxın RƏM mərmisi təqdim etmişik.

HIMARS və ya yüksək mobil artilleriya raket sistemi Ukrayna arsenalına mühüm əlavə olacaq. Amerika hərbiçiləri Aımaniyada HIMARS ekipajlarına təlim keçirlər. "Bu ayın sonuna qədər biz Ukraynanın müdafiəsində istifadə üçün HIMARS sistemlərini, döyüş sursatlarını və təlim keçmiş ekipajı təqdim edəcəyik", deyə Milli bildirib.

Bayden həmçinin Ukraynaya təhlükəsiz içməli suya, həyati əhəmiyyət kəsb edən tibbi ləvazimatlara, ərzaq məhsullarına və zəruri məhsullara çıxış kimi tələbatların təmin edilməsi üçün 225 milyon dollar ölçüsündə əlavə humanitar yardım ayrılacağını elan edib.

"ABŞ-ın təhlükəsizlik sahəsində yardımı, habelə 40-dan çox müttəfiqimizin və tərəfdaşımızın yardımı Ukraynanın öz müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində mövqeyini möhkəmləndirməyə, döyüş meydanında qələbələri təmin etməyə və son nəticədə, danışıqlar masası arxasında Ukraynanın mövqeyini möhkəmləndirməyə davam edir", deyə dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilir.

"Biz Rusiyaya qarşı güclü sanksiyalar tətbiq etdik, şərq cinahda NATO-nun müdafiəsini gücləndirdik və Ukraynaya tarixi səviyyədə hərbi yardım və digər yardım göndərdik, çünki o, cəsurluqla öz ərazilərini və öz azadlığını müdafiə edirdi. Qətiyyətimiz sarsılmazdır. Ukrayna ilə birlikdəyik", deyə o əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun