Əli Əliyevin kassasiya şikayəti təmin edilməyib

Əli Əliyevin kassasiya şikayəti təmin edilməyib
22 İyun 2022, 13:45
Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb. Bu barədə onun vəkili Cavad Cavadov bildirib. Vəkilin sözlərinə görə, şikayətə Ali Məhkəmədə Əziz Seyidovun sədrliyi ilə baxılıb, şikayət təmin edilməyib. 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər. İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb. Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib. DSX əməkdaşlarının ötən il noyabrın 30-da baş vermiş vertolyot qəzasıyla bağlı fikirlərinə görə Əli Əliyevi məhkəməyə vermişdi. Partiya sədri məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı vertolyotda olduğuna inanmır: “Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə, alətdi. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”. Helikopter qəzasında ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun