Seçkilər zamanı mesaj strategiyaları - Pərviz Əzimov

Seçkilər zamanı mesaj strategiyaları - Pərviz Əzimov
27 Avqust 2021
Mətni dəyiş

Seçkilər dövründə hər bir namizədin, partiyanın və ya birliklərin hazırladıqları seçki kampaniyaları olur. Kampaniyanın təşkili, doğru idarə olunması ilə yanaşı, kampaniyanın mövzusu (əsas tezisi) və buna bağlı olaraq kampaniya mesajının hazırlanması seçki kampaniyaları strategiyalarının hazırlıq dövründə görülməli olan ən vacib işlərdən biridir.

Mövzuya tam keçid almazdan öncə seçki kampaniya mesajları ilə bağlı vacib bir nüansı qeyd etmək lazımdır. Bir çox siyasi partiyalar və siyasətçilər bütün kampaniya boyunca vahid mesaj üzərindən kampaniya fəaliyyətini həyata keçirdirlər. Onlar bunun ən doğru yol olduğunu düşünürlər. Ancaq kampaniya müddəti, bu müddət ərzində sorğu nəticələri, ölkənin ümumi siyasi durumu nəzərə alınmaqla, seçki mesajları yenilənə bilər və kampaniya bir neçə mesajdan ibarət ola bilər. Amma burada ən vacib məsələ ondan ibarətdir ki, sonrakı mesajlar özündən əvvəlki mesajları qəti şəkildə inkar etməməlidir. Əksinə bu mesajlar əvvəlki mesajı daha da qüvvətləndirməli və ya ona dəstək olmalıdır.

2 seçki kampaniyası nümunəsində bu məsələyə baxa bilərik. Bütün dünyaya səs salan 2008-ci il ABŞ seçkiləri vaxtı Barack Obama 1 seçki prosesi ərzində 4 mesaj üzərindən kampaniya fəaliyyətini həyata keçirmişdi. Kampaniyanın ana mesajı “Change” (Dəyişiklik) olsa da, kampaniya ilk başlanğıcda “Hope” (Ümid) mesajı ilə başlamışdı, daha sonra “Change” mesajı və bu mesajlara dəstək olaraq “Yes we can” (Bəli, biz bacararıq) və “We Belive in Change” (Dəyişikliyə inanırıq) istifadə olunmuşdu. Buradan göründüyü kimi, bütün mesajlar bir – birini tamamlayır və ya onu daha qüvvətli etməyə kömək edir. Əgər Obama komandası kampaniyanın bir yerində “Hope” və “Change” deyirdisə, daha sonra “Yes we can” və “We Belive in Change” deməklə dəyişikliyi bacaracaqları ilə bağlı seçicidə inam yaratmağa çalışıb.

Başqa bir misalda 2019-cu il Türkiyədəki bələdiyyə seçkilərində İstanbuldan namizəd olan Ekrem İmamoğlu ilkin mərhələdə seçkilərə “Çözüm var” mesajı ilə daxil olmuşdu. Seçki nəticələrinin ləğv olunması və yenidən seçki keçirilməsi qərarı verildikdə isə, insanların seçki demokratiyasına inamının azaldığı müşahidə olunan zamanda isə E. İmamoğlu seçkilərə “Her şey çok güzel olacak” mesajı ilə davam etdi və bu, insanların itmiş inamını qaytarmaq yolunda çox uğurlu bir addım olmuşdu.

Seçki kampaniyası strategiyasında istifadə olunan PR texnologiyalarına görə seçki mesajları forma baxımından da fərqli ola bilər. Ümumi olaraq bu tip mesajlar 4 kateqoriyada cəmlənir: Emosional, Rasional, Namizədi ifadə edən və Hücum mesajları. Bəzi araşdırmalarda iddia edilir ki, seçici tərəfindən ən tez qəbul edilən mesajlar rasional mesajlardır. Bunun paralelində ən az effektiv mesaj forması isə rəqibə yönəlik hücum mesajlarıdır.

Yuxarıda qeyd olunan 4 kateqoriyadakı mesajları aşağıdakı nümunələrlə daha aydın ifadə etmək olar:

1. Emosional mesajlara nümunələr:

- Namizəd xitab etdiyi seçicinin milli, mənəvi və ya dini dəyərləri üzərindən mesaj verir,

- Namizəd gəncliyin əxlaqlı bir formada yetişdirilməsi ilə bağlı mesajlar verir,

- Namizəd sosial dəyərlərin qorunması ilə bağlı mesajlar verir və s.

2. Rasional mesajlara nümunələr:

- Namizəd ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi ilə bağlı mesajlar verir,

- Namizəd Təhsilin inkişafı ilə bağlı mesajlar verir,

- Namizəd daha çox yeni nəsil sənayenin inkişafı ilə bağlı mesajlar verir və s.

3. Hücum mesajlarına nümunələr:

- Namizəd öz rəqibinin özəl həyatı ilə bağlı məsələləri gündəmə gətirir,

- Namizəd bütün seçki boyunca rəqibi tənqid edərək kampaniyanı həyata keçirdir,

- Namizəd rəqibin zəif cəhətlərini ortaya çıxarmaqla məşğul olur və s.

4. Namizədi ifadə edən mesajlara nümunələr:

- Namizəd seçki kampaniyaları ərzində öz əvvəlki uğurlarını önə çəkir,

- Namizəd seçki kampaniyaları ərzində öz bacarıqlarını önə çəkir,

- Namizəd şəxsi lahiyələrini seçicilərə çatdırır və s.

Əslində, mesajlar sadəcə rasional və emosional olaraq siniflədndirilə də bilər. Çünki “hücum” və “namizədi ifadə edən” mesajlar da özlüyündə rasional və ya emosional özəlliklər daşıyır. Ancaq bu mesajlara ayrı-ayrılıqda baxmaq lazımdır. Çünki seçki dövründə bir çox siyasi partiyaların və ya namizədlərin tez-tez “hücum” və ya “namizədi ifadə edən” mesaj tərzindən istifadə etdiyi görünür. Məhz bu səbəbdən bu iki forma da xüsusi mesaj növü kimi tanınır.

Seçki kampaniyalarında mesajlar namizədin niyə başqa namizədə yox, ona səs verilməsinin vacibliyini ifadə etməlidir. Bu baxımdan mesajlar, ilk növbədə, seçicinin diqqətini cəlb etməlidir. Daha sonra isə mesaj aydın olmalı və anlaşılmalı, qəbul edilməli və yaddaşda qala bilən olmalıdır.

Təsirli mesajların əsas özəlliklərindən biri də odur ki, seçicilərin bir neçə problemini özündə əks etdirir. Məhz bu baxımdan rasional mesajlar seçicilər tərəfindən daha rahat qəbul olunur. Çünki bu mesajlar seçicinin mövcud problemlərini özündə əks etdirir.

Seçki dönəmində belə istifadə olunan mesaj formalarından ikisi də qorxu və sevgi üzərindən mesajların verilməsidir. Qorxu üzərindən istər rasional, istərsə də duyğusal mesaj formalarından istifadə edərək namizəd onun seçilməyəcəyi təqdirdə seçicini gözləyən problemləri bildirir və seçici ilə qorxu üzərindən əlaqə qurur. Bir növ indiki dövrdə hansısa texnologiya kursunun valideynlərə övladlarınızı İT sahəsində kursa qoymasanız, onun gələcəkdə işsiz qalmasına səbəb olacaqsınız formasında verilən mesajlardır.

Sevgi üzərindən verilən mesajlar isə adətən cəmiyyətdə olan ikiləşmə, qruplaşmalar və ya bir cəmiyyətdə yaşayan çoxlu etnik qrupların arasında olan problemlər üzərindən verilir və bu mesajlar birlik, barışıq tipli ana mesajları özündə əks etdirir.

İqtidar partiyasının mesaj ardıcıllığı

Seçkilərdə ilk dəfə iştirak edən və ya bu vaxta qədər seçkilərdə qalib olmayan siyasi birliklərdən fərqli olaraq, seçkilərdə təkrar qalib gəlmək üçün iştirak edən siyasi partiyanın və ya namizədin mesaj ardıcıllığı bir-birindən fərqli olmalıdır. Artıq bir öncəki seçkidə qalib gəlmiş partiya və ya namizəd əvvəlki mesajını təkrarlaya bilməz. Yuxarıda misal çəkdiyimiz 2008-ci il ABŞ prezident seçkilərində Barack Obamanın əsas mesajı “Dəyişiklik – Change” idi. 4 il sonra keçirilən 2012-ci il ABŞ prezident seçkilərində Barack Obama bu dəfə “Forward” (irəli) mesajı üzərindən seçki kampaniyasını həyata keçirdirdi. Bu yeni mesajla B.Obama seçicilərə bildirirdi ki, bir öncəki seçkilərdə dəyişikliyin vacib olduğunu bildirmişdik və bu 4 il ərzində bir çox dəyişikliklər etdik. İndi isə daha irəli getmək zamanıdır. Ümumiləşdirsək, iqtidarda olan siyasi birlik və ya namizəd bir öncəki seçkidə dəyişiklik, yenilik və s. mesajı veribsə, yeni seçkidə eyni mesajla çıxış edə bilməz. Belə olan halda seçicidə bacarıqsızlıq imici yaradacaq. Bu səbəbdən iqtidar qatıldığı növbəti seçki marafonunda öncəki fəaliyyətinin əslində effektiv olduğunu və bunu daha çox inkişaf etdirmək istədiyini bildirən mesajlarla seçicinin qarşısına çıxmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun