LGBT və Stalinqrad döyüşü – Tengiz Ablotiya

LGBT və Stalinqrad döyüşü – Tengiz Ablotiya
8 İyul 2021
Mətni dəyiş
Gey mövzusu ənənəvi olaraq ildə bir, ya iki dəfə Gürcüstanda əsas mövzulardan olur - qalan 363-364 gündə isə onun haqda demək olar ki, danışılmır, amma xatırlayanda isə o qədər adrenalin ifraz olunur ki, bütün qalan ilə kifayət edir. Həmişə ənənəçilərin motivasiyasını anlamağa çalışmışam – homofobiyaya bu kütləvi nifrət haradan gəlir? Real həyatda cinsi azlıqların əksəriyyət nümayəndələri kütləni heç narahat etmir, adi həyatlarını yaşayır və praktik olaraq digərlərindən fərqlənmirlər. Müəyyən bir mühitdə, cinsi orientasiyasının problem olmadığı kifayət qədər savadlı insanların ətrafında toplanırlar, müvafiq olaraq cinsi seçimlərini elə də gizlətmirlər, hərçənd onu xüsusilə reklam da etmirlər. Gürcülərin böyük əksəriyyəti üçün homoseksuallıq paralel dünyadakı tamamilə abstrakt bir mövzudur və onların real həyatları ilə heç bir əlaqəsi yoxdur. Ömürlərinin yarısını elə yaşaya bilərlər ki, televiziyadan olmayan bir geyə əsla rast gəlməsinlər. Gündəlik həyatda belə bir problem yoxdur. Bəs niyə bu mövzu qısamüddətli, dövri olsa da hələ də ictimai məkanda aktuallığını itirmir? Dünyadakı hər şeyə təslim olan ənənəçilər niyə bu, əslində əhəmiyyətsiz bir mövzuda həqiqi müqavimət göstərirlər? Yəqin ki, bütün məsələ "mavi təhlükə"nin Sovet-Gürcüstan ənənəçiliyinin son qalası olmasıdır. Başa düşmək lazımdır ki, ötən 30 il "əsl Gürcüstan" sayılan keçmiş SSRİ-dən miras qalmış həyat tərzi və dəyərlər sistemi üçün tam bir fəlakətə çevrildi. Həyata bu cür baxışın tərəfdarları son onilliklərdə onlar üçün vacib olan hər şeyin yeni reallıqların təsiri altında çökdüyünü izləmək məcburiyyətində qaldılar. “Gürcü həyat tərzi” tamamilə məğlubiyyətə məhkum olan, işlək olmayan, bacarıqsız bir dəyərlər sisteminə çevrildi. Ənənəçilər, onların fikrincə, yeri mətbəxdə olan qadınların talelərini tədricən öz əllərinə almasına dəhşətlə baxırlar. 20 il əvvəl iştirakçı qızlar gözəllik müsabiqələrinə başdan-ayağa bürünmüş şəkildə qatıldığı ölkədə bu gün gənclər sakitcə qısa şortlarla gəzirlər... Sadəcə 30 il əvvəl ana cərəyan olan ənənəçilər indi marjinal bir axımın içinə düşdülər – onların fikri heç kimi maraqlandırmır və əksər müasir gürcülər qonşularının və qohumlarının fikirlərinə baxmadan öz istədikləri kimi yaşayırlar. Sovet ənənəçiləri mətbəxdə belə müzakirə etməkdən utandıqları mövzuların televiziya məkanında danışılmasına dəhşətlə baxırlar. Tabulaşmış mövzu qalmayıb; son illərdə ümumi səssizliyin qalan qalaları - cinsi azlıqlar və kilsə problemləri dağılıb. Heç bir toxunulmaz fiqur qalmayıb, hətta ənənəçiliyin əsas simvolu Patriarx II İlya ilə əlaqəli mənfi fikirlər də açıq şəkildə ifadə edilir. 10 il əvvəl də bu, ağlasığmaz idi, amma bu gün artıq normadır. Və beləliklə bir gürcü millətçisi oturur və təvazökarlıqla ənənəçiliyin müqəddəs inəklərinin bir-birinin ardınca ölməsinə baxır. Üstəlik, homofobiyaya qarşı qəddarlıq bir qədər azalıb - LGBT yürüşünə qarşı fəal şəkildə etiraz edənlər də qeyri-ənənəvi cinsi orientasiyanın mövcudolma hüququnu inkar etmirlər. "İstədiyinizi edin, ancaq bizə göstərməyin" onların əsas şüarıdır. 50 ildir cinayət anlayışlarının hakim olduğu bir ölkə üçün əhəmiyyətli nailiyyətdir. Və bu vəziyyətdə retroqradların bütün cəbhələrdə təslim olması onlardan tamamilə qeyri-mümkün, ağlasığmaz və absurd bir şey tələb edir: eynicinsli sevginin həyat norması olduğunu qəbul etmək. Bu təsdiq Gürcüstan millətçiliyinin tabutuna son mismarı çaxmaq deməkdir. Buna görə də onlar məhz bu mövzuda Stalinqraddakı Qızıl Ordu kimi dirəndilər: geri çəkilmək onlar üçün öz şəxsiyyətlərinin təməllərindən tamamilə və geridönməz şəkildə imtina deməkdir. Bu ikinci dərəcəli problemin bu qədər aktuallığının sirri də budur. İndiki halda siyasi maraq, Kilsənin çox sarsılmış nüfuzunu gücləndirmək istəyi və Rusiyapərəst qüvvələrin bu mövzudan anti-Qərb hisslərini qamçılamaq üçün istifadə etmək arzusu kimi məqamlara toxunmuram. Bütün bunların, əlbəttə ki, əhəmiyyəti var, amma eynicinslilərin məsələsi ənənəçilər üçün "gürcü kimliyini" qorumaq uğrunda mübarizənin son cəbhəsi halına gəlməsəydi, elə də fərqi olmazdı. Qarşı düşərgə haqda bir neçə kəlmə demədən keçə bilmərəm. Şəxsən mən gey yürüşünün əleyhinə deyiləm və bu, məndən asılı olsaydı, onda o, tamamilə sakit, hər hansı ajiotaj olmadan baş tutardı. Amma indi uçurumun kənarında gəzməli olan dövlətçilik nöqteyi-nəzərindən danışıram. Ölkənin qərbyönümlü istiqamətinə hazırda sərt hücumlar edilir və “Qərb bizi homoseksuallara çevirmək istəyir” fikri Gürcüstan “avroskeptikləri”nin əsas arqumentidir. Gürcü ənənəçiləri və keşişləri onlara həqiqətən sadəcə bir küncdə sakitcə uzanıb təbii ölümlə ölmək imkanı verməyən LGBT yürüşünün illik elanını səbirsizliklə gözləyirlər. Heç kim gürcü əxlaqçılığının canlılığını qorumaq üçün gey aktivizm qədər iş görmür. Bunun qeyri-ixtiyari baş verdiyini başa düşürəm, amma fakt gözardı edilə bilməz. Bu mərhələdə gey yürüşlərini keçirilməsini vaxtından əvvəl hesab edirəm - buxar lokomotivinin qarşısında qaçmaq həmişə məhsuldar bir fikir deyil və bu, Gürcüstanda əxlaqçılığının güclənməsi və homofobik aqressiyanın artmasından başqa heç bir nəticə vermir. Ölkədəki homoseksual cəmiyyətin dünyaya göstərəcəyi çox şey var: mütləq təcrid olunanlardan tam hüquqlu vətəndaşlara çevrildilər və ölkədəki homofobiyanı minimum səviyyəyə endirməyi bacardılar. Əgər 15 il əvvəl "homoseksuallarla necə davranmalı" sualına əsas cavab "diri-diri yandırmaq" ruhunda bir şey olardısa, bu gün 99% hallarda yuxarıda qeyd edilən cavab veriləcək - "İstədikləri kimi yaşasınlar, amma nümayiş etdirməsinlər". Bu, gözardı edilməyəcək irəliləyişdir və fikrimcə, bu gün gey cəmiyyətinin əsas şüarı “Zərər verməyin” olmalıdır. Gürcüstan bu gün gey yürüşünə hazır deyil və qatarın qabağında qaçmağın mənfi nəticəsini əyani görə bilirik: Tiflis qarətçilərin ixtiyarına verilib, kilsə yenə geri dönüb və onun təsirini ən azından 4 iyuldakı səviyyəyə qaytarmaq üçün illər lazım olacaq. Çox vaxt itirildi və səkkiz il əvvəl olduğumuz yerə qayıtdıq. Əvvəlcə edib, sonra düşünəndə belə olur. Və sual budur - buna dəyərdimi?

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun