Yazıçı Vüsal Tağıbəylinin “Türkmənlər” siyasi romanı çap olunub

Yazıçı Vüsal Tağıbəylinin “Türkmənlər” siyasi romanı çap olunub
23 Aprel 2021
Mətni dəyiş

Tanınmış yazıçı, jurnalist Vüsal Tağıbəylinin daha bir əsəri - “Türkmənlər” adlı siyasi romanı işıq üzü görüb.

Mürəkkəb hərbi-siyasi vəziyyətin hökm sürdüyü vaxtlarda İraqa bir neçə dəfə səfər edən müəllif bu ölkədə görüb-eşitdiklərini, şahidi olduğu maraqlı hadisələri, həmsöhbət olduğu, bir-birindən maraqlı adamlarla görüşlərini, qədim tarixi məkanların-abidələrin, dəhşətli müharibənin miras buraxdığı xarabalıqların, daşı daş üstə qalanmış şəhər və kəndlərin qanlı xatirələrini qələmə alaraq əbədiləşdirib.

“Türkmənlər” əsərinin əsas motivini İraqın üçüncü böyük xalqı olan türkmənlər təşkil edir. Qədim türk millətinin bir qolu olan türkmənlərin İraqda yaşayışından, xüsusilə də yığcam məskunlaşdıqları Türkməneli torpaqlarında, məhz türk olduqları üçün onillər boyunca başlarına açılan müsibətlərdən söhbət açan yazıçı bu gün onların qədim türkmən şəhəri olan Kərkükdə azlığa çevrildiyini ürək ağrısı ilə qeyd edir.

Son onillikdə İŞİD terrorçularının zəbt edərək xarabaya çevirdiyi Təlafər, Mosul, Tuz Xurmatu, Təzə Xurmatu, Bəşir və sair kimi türkmən şəhər və qəsəbələrindən aldığı acınacaqlı təəssüratları oxucuları ilə bölüşən yazıçı təəssüflə qeyd edib ki, türkmən xalqı özünün qan yaddaşı olan Kərkük qalasına mavi, ay-ulduzlu bayrağını sancmaq imkanından məhrum edilib. İraqın sabiq lideri Səddam Hüseyn dönəmində ərəbləşdirilməsinə start verilən Kərkük və digər türkmən yaşayış məntəqələrini, son iyirmi ildir birtərəfli qaydada kürdləşdirməyə çalışırlar. Amma öz torpaqlarında özgəyə çevrilmiş qəhrəman türkmən xalqının cəsur, mübariz övladları var, onlar bütün çətinliklərə, vaxtaşırı məruz qaldıqları təqib və təhdidlərə, hətta açıq silahlı hücumlara rəğmən, xalqın milli haqları uğrunda gecə-gündüz çalışırlar.

Müəllif kitabında müasir türkmən siyasi fikir məktəbinin banisi, milli lider Riyaz Sarıkahyanın türkmən xalqı üçün xidmətinin əvəzsiz əhəmiyyətindən söz açır, onun ictimai fəaliyyətini müxtəlif obrazların görüşlərində canlandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun