Səməd Rəhimli: "Azərbaycanda şəxsi həyatın toxunulmazlığı ilə bağlı normal hüquqi təcrübə yoxdur"

Səməd Rəhimli: "Azərbaycanda şəxsi həyatın toxunulmazlığı ilə bağlı normal hüquqi təcrübə yoxdur"
20 Mart 2021
Mətni dəyiş

Bu günlərdə Azərbaycanda gündəmin əsas məsələlərindən biri də psixoloq Nərmin Şahmarzadənin feysbuk hesabının ələ keçirilməsi və şəxsi yazışmalarının paylaşılması oldu. İctimai fəal Bəxtiyar Hacıyev də daxil olmaqla bir neçə şəxslə həqiqiliyi mübahisələndirilən yazışmaların yayılması isə kəskin qınağa səbəb oldu. Baş verənlər yenidən şəxsi həyatın toxunulmazlığı bağlı məsələni aktuallaşdırdı.

Bundan əvvəl də Azərbaycan hökumətini tənqid edən jurnalistlərin və ictimai fəalların şəxsi məlumatlarının oğurlanaraq yayılması hər kəsdə elə təəssürat yaradır ki, baş verənlərin təşkilatçısı Azərbaycan hökumətidir. 

Bəs görəsən, məsələnin əsas mahiyyəti nədən ibarətdir? Azərbaycanda insanların şəxsi toxunulmazlığı necə qorunur? Dövlət bu öhdəliyini yerinə yetirə bilirmi? Abzas.net şəxsi toxunulmazlıq hüququna dair məsələlərlə bağlı hüquqşünas Səməd Rəhimli ilə müsahibə edib. Müsahibəni təqdim edirik:

- Səməd bəy, yəqin ki, yəqin ki, son günlər ictimai fəalların şəxsi həyatına dair informasiyaların sosial şəbəkələrdə yayılmasından xəbərdarsınız. Azərbaycanda şəxsi toxunulmazlıq dedikdə hüquqda nə başa düşülür? Şəxsi həyatla bağlı informasiyalar necə təsnifləndirilir?

- Şəxsi həyat odur ki, şəxsin müəyyən etdiyi bir sahə olur ki, şəxs o sahəyə daxil olan məsələlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq istəmir. Həmin sahənin əhatəsini həmin şəxs özü təyin edir. Bu o zaman şəxsi həyata daxil olur ki, obyektiv səbəblərdən ictimai yerlərdə olmur, qapalı yerdə olur, eyni zamanda həmin şəxs və şəxslər bu barədə digərlərinin məlumatlı olmasını istəmirlər. Adətən qapalı yazışmalar da bura aid edilir. Bu təkcə ictimai şəxslər üçün yox, vətandaşlar üçün də belədir.

- Azərbaycanda şəxsi həyatın toxunulmazlığına təminat verən müvafiq qanunvericilik bazası var, ancaq texnologiya inkişaf edir və müxtəlif alətlərlə kimliyi gizlədərək də bunu etmək mümkündür. Sizcə indiki məqamda bunun qarşısını almaq mümkündürmü? Dəqiq olsaq, hökumət maraq göstərsə ala bilərmi?

- Şəxsi həyat pozuntularının qarşısını almaq bir çox ölkələr üçün də problemdir. Burada görülən tədbirlər əsasən cinayət-hüquqi xarakterli tədbirlərdir, yəni kriminallaşdırılır şəxsi həyat pozuntuları. İnformasiyaların qanunsuz əldə edilməsi isə kibercinayətkarlıq vasitəsi ilə olur adətən. Müxtəlif ölkələrdə bu əməllərə görə cərimələr nəzərdə tutulur, polis orqanlarında sırf bu məsələ ilə əlaqədar şöbələr yaradılır, texnologiya şirkətlərinin qarşısına şərtlər qoyulur ki, insanların şəxsi məlumatlarını üçüncü tərəfə ötürməsinlər. Xüsusən son vaxtlar Avropa Birliyində bu məsələlərin üzərinə daha çox düşülüb. Təbii ki, ABŞ-da da bir çox təminatlar var. Özəl fərdlər tərəfindən də edilən xaker hücumlarının qarşısını almağa çalışırlar. Bəzən də dövlətlərin özləri şəxsi həyat hüququnu pozurlar. Bunun da qarşısını almaq çətindir. Bu hala görə də çalışırlar ki, hüquq mühafizə orqanlarının üzərində ictimai nəzarəti artırsınlar ki, onların şəxsi həyata müdaxilələrinin qarşısını ala bilsinlər. Yəni müxtəlif ölkələrdə müxtəlif addımlar atılır, ancaq onu da bilirik ki, Azərbaycanda bu müsbət addımların heç biri tətbiq olunmur.

- Səməd bəy, ictimai şəxslərin şəxsi informasiyaları hansı hallarda yayıla bilər? Qanun hansı halları nəzərə alır? 

- Biz məsələnin ictimai əhəmiyyətini kontekstən müəyyən edirik. Məsələn, ictimai şəxsin şəxsi həyatına aid məlumat paylaşılır və bu ictimai fiqur iddia edir ki, onun şəxsi toxunulmazlıq hüququ pozulub. Belə olan halda informasiyanı yayan jurnalist və ya şəxs bu məlumatın niyə ictimai əhəmiyyət kəsb etdiyini əsaslandırmağa borcludur. Azərbaycanda hələki bununla bağlı normal hüquqi təcürbə formalaşmayıb, ancaq Avropa İnsan Haqqları məhkəməsi şəxsi azadlıq hüququ ilə ifadə azadlığını balanslaşdıranda müəyyən meyyarlar müəyyən edir və həmin meyyarlar əsasında təyin edir ki, bu ifadə azadlığıdır, yoxsa şəxsi həyat hüququnun pozulması. Amma dediyim kimi, Azərbaycanda bununla bağlı meyyarlar tam formalaşmayıb.

- Siz həm də praktiki hüquqşünas kimi fəaliyyət göstərirsiniz, maraqlıdır, Azərbaycanda şəxsi həyat hüququnun pozulmasına dair şikayətlər çoxdurmu? MBD ölkələri ilə müqayisədə bizdə vəziyyət necədir? - Avropa Məhkəməsinə Avropa Konvensiyasının 8 maddəsi ilə şikayət göndərmək mənim təcrübəmdə olmayıb, bildiyim qədəri ilə bu sahədə şikayətlər azdır. Xatırladığım Xədicə İsmayılın işi olub ki, o bu maddə ilə Avropa Məhkəməsinə şikayət edib. - Xədicə İsmayılın şikayətində məhkəmə 8-ci maddənin pozuntusunu tanımışdımı? - Məhkəmə müəyyən etmişdi ki, dövlət prossesual araşdırmaq öhdəliyini həyata keçirməyib və bunu pozuntu hesab etmişdi. Eyni zamanda müxtəlif hökumət saytları şəxsi məlumatları yaymışdı və Avropa Məhkəməsi Azərbaycan məhkəmələrinin bu halla da bağlı qərarını ədalətli hesab etməmişdi. - Ümumilikdə sizcə 8-ci maddənin tanınması ilə bağlı şikayətlərin perespektivi varmı? - Təbii ki, ölkədaxili bütün instansiyalara müraciət olunanda və onlar araşdırma aparmayanda Avropa Məhkəməsinə şikayət etməyi tövsiyyə edirəm. Eləcə də digər fərdlər eyni əməlləri törətdikdə prokurorluq bunu araşdırmısa və daha sonra məhkəmələr də işə baxmırsa, Avropa Məhkəməsinə müraciət edə bilərlər. Təbii ki, bu işdə perespektiv var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun