"Nə müharibə, nə sülh" qeyri-müəyyənliyinə qayıdış - Arpi Bekaryan

"Nə müharibə, nə sülh" qeyri-müəyyənliyinə qayıdış - Arpi Bekaryan
6 Noyabr 2021
Mətni dəyiş
“Qaliblər” və “uduzanlar” dinamikasını dəyişdirən İkinci Qarabağ Müharibəsi Ermənistanın münaqişə ilə bağlı bir çox hekayələrində üstünlük təşkil edən illüziyaları və riyakarlığı ifşa etdi. Amma bu aydınlığa baxmayaraq, Ermənistanla Azərbaycan arasında yeni dinamika formalaşmadı. İki il əvvəl azərbaycanlı bir dostumun hədiyyə etdiyi 20 qəpiyim var idi. Görünməsin və harasa düşüb məni çətin vəziyyətə salmasın deyə, pul qabımda digər qəpiklərdən ayrı saxlayırdım. Təxminən iki ay əvvəl Yerevanın mərkəzindən taksi ilə şəhər kənarındakı evimə gedirdim. Taksi təyinat yerinə çatanda pul qabımdan nəyinsə düşdüyünü hiss etdim. Maşının içi qaranlıq idi və ilk fikrim “yaxşı, tapa bilməyəcəm” oldu, amma sonra sürücüdən hər ehtimala işığı yandırmasını xahiş etdim. Aşağı baxdım və Azərbaycan qəpiyini gördüm. Bacardığım qədər sürətlə onu götürdüm. Qorxu ilə sürücünün gözlərinə baxdım - o, təbii ki, nə baş verdiyini bilmirdi. İşığı yandırmasını istəməsəydim nələr ola biləcəyi haqda düşündüm. Bu yazıq sürücü maşınının arxasında Azərbaycan qəpiyi tapacaqdı və böyük ehtimalla hansısa azərbaycanlının Yerevana gəldiyini və onun sərnişini olduğunu fikirləşəcəkdi. Bəlkə də casus ola biləcək bu azərbaycanlı qəpiyi bilərəkdən maşına atıb. Şübhəsiz ki, bu, dostundan hədiyyə olduğu üçün Azərbaycan qəpiyi saxlayan erməni qızın olduğunu düşünməkdən daha məntiqli olardı. Niyə Ermənistanda kiminsə azərbaycanlı bir dostu olsun ki? Bu, son otuz ildə qəribə olardı, amma indi xüsusilə. Bir il əvvəl müharibədən keçdiyimizi qəbullanmaq mənim üçün hələ də çətindir. Hərdən ötən ilin xatirələri silinir və sanki müharibədən bəs edəndə hələ də 90-cı illəri nəzərdə tuturuq. Müharibənin və nəticələrinin cəmiyyətimizdə səbəb olduğu dəyişiklikləri anlamaq mənim üçün çox çətindir. Müharibə zamanı daha əvvəl olmadığı qədər birləşən, liderlərinə və “qaçılmaz qələbəyə” demək olar ki, tamamilə inanan erməni cəmiyyəti bir gündə iki yerə bölündü. Erməni cəmiyyəti təkbaşına və özünə qarşı çevrildikcə təkcə müharibə illüziyalarını deyil, həm də son otuz ilin illüziyalarını dəstəkləyən köhnə hekayə az qala ölümcül sarsıntılara məruz qaldı. Birincisi, müharibənin ilk günündən və hətta daha əvvəldən etibarən mövcud olan işarələrə baxmayaraq, gözlənilməz məğlubiyyətin şoku idi. Sonra, bir müddət keçdikdən sonra yalnız müharibə ərzində deyil, son 30 ildə bizdən gizlədilən bir çox həqiqət üzə çıxdı. Nəhayət, bütün bunların maddi reallığı dərk edildi. İtirilmiş ərazilər, qaçqınlar və hər şeydən əvvəl bir daha görməyəcəyimiz minlərlə insan… tanışlar, dostlar, sinif yoldaşları, qardaşlar, atalar, oğullar, ərlər, sevgililər. Bu, ironik deyil? Ermənilərin məğlubiyyətə verdiyi reaksiyalar arasında mənə ən çox qəfil “yer dəyişikliyi”nə verilən reaksiyalar təsir etdi. Son otuz ildir biz ermənilər sülhpərvər olduğumuza və azərbaycanlılara onların bizə nifrət etdiyi qədər nifrət etmədiyimizə əmin idik. Biz düşünürdük ki, sadəcə azərbaycanlı olduğu üçün yatan bir insanı öldürmərik. Biz sadəcə sülh istəyirdik, onlar isə qəbul etmirdilər. Amma başa düşdüm ki, “qalib” və “uduzan”ın kollektiv hisslərini eyni tərəzidə ölçmək olmaz. Azərbaycanlılarda daha çox nifrət olsaydı belə, bunu Dağlıq Qarabağda birinci müharibənin travması, itirilmiş ərazilər, 700-800 min köçkünlə izah etmək olardı. Amma bizim tərəf heç vaxt bu barədə düşünmür. Hər il “Şuşinin azad edilməsi” bayramının qarşı tərəfdən necə göründüyünü heç düşünməmişik. Bizə nifrət etdiyimizdən daha çox nifrət edən azərbaycanlılardan danışanda qələbə ilə bağlı onlarla mahnımız və filmimiz, qələbə muzeyimiz, tariximiz və məktəb dərsliklərimiz, hətta küçə sənəti haqda heç düşünməmişik. “Onların” “bizə” daha çox nifrət etmələri, ya da bizim qədər sülh istəməmələri həmişə onların “barbar və vəhşi təbiətlərinin” nəticəsi olaraq açıqlanıb. Halbuki biz sadəcə sülh içində yaşamaq istəyən o “yazıq xalq” idik. İllərlə azərbaycanlıların nə qədər nifrət etdiyi və onların sülhə heç hazır olmadıqlarından danışan bir adamı xatırlayıram. Bu yaxınlarda mənə azərbaycanlıların artıq istədikləri hər şeyə sahib olduqları halda, sərhədləri açmaqdan və münasibətləri normallaşdırmaqdan danışmalarının nə qədər ironik olduğunu dedi - onlar necəsə bizim "sülh"lə razılaşacağımızı gözləyirlər, ancaq öz şərtləri ilə. O, bunu deyəndə düşünə bildiyim tək şey “Amma biz də eyni şeyi etmirikmi?” idi. Əgər “onlar” barbar və qəddar olduqları üçün sülh istəmirdilərsə, indi Azərbaycanın təklif etdiyi sülhə razılaşmaq bizim üçün niyə belə çətindir? Niyə sülh, münasibətlərin normallaşması bizim üçün əlverişli olanda ədalətsiz gəlir, amma biz uduzan tərəf olanda həm sülh, həm də ədalət istəyirik? Paralel reallıq Müharibədən əvvəl yanıb-sönən “vətənpərvər” hekayə sanki Ermənistanda monopoliyaya sahib idi, hərçənd kiçik yığıncaqlarda və sakit mətbəx söhbətlərində fərqli əhvalatdan bəhs edən ikinci paralel hekayə hələ də davam edirdi. Məğlubiyyətdən sonra həmin ikinci hekayə üzə çıxdı. Müharibə başa çatdıqdan sonra daha əvvəl heç vaxt sülh quruculuğunda iştirak etməyənləri bir araya gətirən yeni sülh təşəbbüsləri, yeni dövlətlərarası dialoq yarandı. Bütün bunlara baxanda özümü sual verməkdən saxlaya bilmirəm – Bəs əgər onlar müharibədən əvvəl mövcud olsaydılar? Bəs bu təşəbbüslər 2020-ci ilin iyulunda və ya daha əvvəlki toqquşmalar zamanı yaransaydı, beş-altı il əvvəl minlərlə üzvü olan bu qədər əhatəli, açıq qruplar olsaydı, müharibə davam edərdimi? Amma bəlkə də bu cür düşüncə həddən artıq optimistikdir. Gərginlik yenidən artsa belə qrupların mövcudluğu yeni müharibəni dayandıracaqmı? Bu qruplardakı insanlar səriştəsiz idarəetmə və ya hədsiz acgözlüklə mübarizə apara biləcəklərmi? Həlak olmuş əsgərlərin simaları əks olunan köynəklər geyinmiş və əllərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın cənubundakı Sünik rayonu ilə bağlı son irredentist bəyanatlarına istinadən “Syunik deyil, Zəngəzur” yazılan plakatlar tutmuş azərbaycanlı şagirdlərin fotolarını görəndə yalnız bir şey haqda düşünə bilirdim: Bunu nəsə necə dayandıra bilərdi? İkinci Dağlıq Qarabağ müharibəsində minlərlə insan həyatını itirdi və hakimiyyətdə olanlar üçün intiqam acgözlüyünü davam etdirmək çox asandır. Birinci müharibə bütöv bir nəsillik travma doğurdu. Yeni nəslə ikinci müharibənin travmasının miras qalmasının qarşısını almaq çox gecdirmi? Bütün yeni sülhməramlı təşəbbüsləri, qrupları və proqramları görəndə, bu insanların ölümünün əbəs yerə olmadığına özümü inandırmaq istədim. Ən azından indi insanların bu münaqişənin və bir-birimizə olan nifrətimizin nəticəsini anlayacaqlarını düşünmək istədim. Bu müharibədə itirdiklərimizin münaqişəyə görə bəlkə də son həlak olanlar olacağını düşündüm. Belə ümid üçün hələ tezdir. Görünür, yenə köhnə “müharibəyə yox, sülhə yox” vəziyyətində ilişib qalmışıq və hər hansı səhv, yaxud uzunmüddətli fəaliyyətsizlik bizi başqa bir fəlakətli müharibəyə apara bilər. Ümid edirəm, biz bütün bunlardan harasa qaça bilərik. Amma hələlik gələcəkdə pul qabımda Azərbaycan qəpiyi olduğu üçün özümü günahkar hiss etməyəcəyim, bunun yerinə Azərbaycana getmək və onu xərcləyə bilmək imkanımın olacağı bir gün haqda xəyal qurmağa çalışıram.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun