Kamasutra - Zərif Bəkirova (hekayə)

Kamasutra - Zərif Bəkirova (hekayə)
2 Noyabr 2021
Mətni dəyiş

2014-cü ilin iyun ayı idi. Ukraynanın Lvov Şəhərinə təlimə getməyə hazırlaşdırdım. İşdən göndərirdilər. Əvvəl bu təlimin Simferopolda olması planlaşdırılmışdı. Krımı çoxdan görmək istəyirdim. Bu təlimə gedəcəyimi öyrənəndə çox sevinmişdim. Amma sonra Ukraynada Maydan hadisələri baş verdi və tədbirin məkanı Lvova dəyişdi. 

Lvova getmək üçün mən əvvəl təyyarə ilə Kiyevə gəldim. Ukraynalı təşkilatçılar bizi burada qarşılayıb, şəhərdə qısa bir gəzintiyə çıxardılar. Açığı, gəzintidən çox şey yadımda qalmadı. Ya vaxt az idi, ya da mən yol yorğunu idim. Amma bir yer var ki, xatirəmdə çox aydın şəkildə həkk olundu.

Maydan. 2013-cü ilin noyabrından  2014-cü ilin fevralına kimi burada Avromaydan adı ilə tanınan mitinqlər olmuşdu. Minlərlə adam azadlıq, ədalət, şəffaflıq, bərabər imkanlar və digər demokratik prinsiplər üçün etiraz etmişdi. Yeniyetmələrdən qoclara, kasıblardan varlılara, fəhlədən həkimədək - cəmiyyətin hər təbəqəsindən olan adamlar əl-ələ tutub, səslərini dünyaya duyurmuşdular. Onlar günlərlə burada çadırlarda qalmış, polislə dirəşmiş, haqsızlığa mübarizə aparmış və nəhayət istədiyinə nail olub hakimiyyəti devirə bilmişdi. 

Bu “Qalibiyyətdən” üç ay keçsə də, Maydanda mitinqlərin izləri hələ də qalırdı. Süjetlədən gördüyümz müharibədən sonrakı Almaniyanı xatırladırdı – hər yerdə uçuq-sökük çadırlar, barrikadalar, yerə tökülmüş zibil və bu zibillikdə yemək axtaran küçə itləri. Bəzi hissələrdə yerdəki kərpiclər çıxardılmışdı. Ukraynalılıar bizə başa saldılar ki, mitinqçilər o kərpiclərdən barrikada tikmək üçün istifadə edirdilər.Çadırların birində Azərbaycan bayrağı asılmışdı. Onu görəndə məni qəribə bir qürur hissi bürüdü. “Ən azından, başqa yerlərdə haqq-ədalət üçün mübarizə aparan  həmyerlilərimiz var” deyə fikirləşdim. Çadırın qarşısında şəkil çəkdirmək istədim. Amma pafosumu təşkilatçılara biruzə vermək istəmədiyimdən geri çəkildim. 

Anidən yanından keçdiyimiz çadırdan ucaboy bir adam çıxdı. Onun çıxışı elə gözlənilməz idi ki, mən duruxdum. Havaların bir az isinməsinə baxmayaraq, kişi üst-üstə çoxlu paltar geyinmişdi. Vücudundan üfunət iyi gəlirdi, üzünü tük basmış, yağlı saçları alnına tökülmüşdü. Bu kirin içərisində bir tək göm-göy gözləri düz mənə baxıraq, parıldayırdı. Kişidə vəhşi bir energetika var idi, o sanki mağaradan çıxmış ibtidai insan idi, sadəcə əynində paltar vardı. Qorxa-qorxa oradan uzaqlaşdım. Hərdən çevrilib, geri baxanda onun elə hey arxamca baxdığını görürdüm. 

Çadırların beş-on addımlığında qızğın alver gedirdi. Satıcılar turistlərə müxtəlif rəngdə və ölçüdə “Evromaydan” suvenirləri təklif edirlilər. Səsgücləndiricidən milli rəqs havaları gəlirdi. Satıcılar uca və nəşə dolu səslə camaatı alış-verişə  çağırırdılar. Cəmi beş-on metr aralıda sökük çadırlar, barrikadalar, bomja bənzəyən adamlar görə bilirdin, burada isə toy-bayram, şənlik, alver – hamısı bir-birinə qarışmışdı. Piştaxtaların üzərinə düzülmüş Ukrayna gerbləri, “Slava Ukrayine” sözləri ilə bəzədilmiş şərflər, Ukraynanın milli geyimi olan “vyazanka”lar, gül çələngləri...Bu suvernirlərin arasından qızıl unitaz şəklində açarlıqlar və Putinin şəkli olan tualet kağızları da var idi. Hər nə qədər Putindən zəhləm getsə də bu tipli suvenirlər mənə iyrənc gəldi. Aradan illər keçib, amma yenə də Ukraynanın adı gələndə ağlıma birinci Maydanda gördüklərim gəlir. 

Gecə qatarı ilə Lvova yollandıq. Lvov Kiyevdən çox fərqlidir. Daha balaca, daha səmimi bir şəhərdi. Əvvəllər Polşanın və Avstriya-Macarıstan İmperiyasının tərkibində olduğuna görə memarlığında da bu dövlətlərin izləri çox yaxşı görünürdü. Sovet dövrünə xas olan boz, eynitipli tikililərdən fərqli olaraq, burada qotika və barokko üslubunda çoxlu monastırlar, kilsələr və saraylar var.

Şəhərin mərkəzinə girəndə sanki  nağıla düşürsən. Üzərində şir, cəngavər və s. yapılmaları olan balaca binalar, daşla döşənmiş dolanbac küçələr və geniş ratuşa insanı orta əsrlərə, “Hanz və Qretel” nağılına aparırıdı. Ukraynalılıar da Lvovu çox sevir və bu nağıl atmosferini qorumaq, şəhəri turistlərə cəlbedici etmək üçün əlindən gələni edirdilər.

Lvovda çoxsaylı kofe-şoplar, şokolad dükanları, tematik kafelər var. Bəzi kafelərə girmək üçün xüsusi kod,  məsələn, “Slava Qeroyam!” deməlisən. Bir kafe də var idi ki, oranı kömür mədəni şəklində qurmuşdular. Tunelə oxşayan bu kafenin içi tam qaranlıqdır. Ora girərkən sənə mədənçilər kimi başında fənəri olan kaska verilir və sən burda olduğun müddətdə başında o kaska ilə dolaşırsan. Təsəvvür edin, zirzəmidə yerləşən, tunelə oxşayan, uzun, qaranlıq otaq və başında fənərli kaskalar olan çoxsaylı müştəri, xidmət personalı və digər adamlar. İnsanı bir az vahimə bürüyürdü, sanki biz hamımız bunkerdə  oturub, bombadan gizlənirdik. Bu maraqlı bir yer olsa da, qaranlıqdan ürəyim sıxıldı. İşığa çıxanda dərindən bir ah çəkib gülümsədim. Sonra fikirləşdim ki, bir daha Lvova səfərim düşsə, bura girmərəm. 

Təlimimizin sonuncu günündə isə bizi Lvov Şokolad Fabrikinə apardılar. Əvvəl biz gözlərimizin önündə, əl ilə hazırlanmış şokoladın dadına baxdıq. Sonra  fabrikin dükanını gəzdik.

İş yerlərinin çoxunda olduğu kimi, bizdə də xarici səfərdən qayıdan əməkdaşın özü ilə bir şirinlik gətirməyi ənənəsi vardı. Bu məsələdə mənimlə iş yoldaşım Elçinin arasında mərc var idi. İkimiz də iddia edirdik ki, ən gözəl konfetləri biz seçirik. Münsiflər heyəti isə digər işçilər idi. Mərcə görə kim daha dadlı konfet gətirsə idi, o biri adam həm ona, həm də bütün işçilərə kabab qonaqlığı verməli olacaqdı. 

Əvvəl mən təklif etdim ki, bir az daha orijinal cəza olsun. Nə bilim, uduzan hamını “boulinq”ə aparsın, ya birgə teatra, nə bilim, konsertə gedək. Amma bir işçinin harasa getməyə vaxtı yox idi, o biri “boulinq”i sevmirdi... Hamını razı sala biləcək maraqlı bir şey üçün çox əlləşdim, amma sonunda gördüm ki, alınmır. Kabab variantı ilə kifayətlənməli oldum. Elçin  isə bunu görüb, dodaqaltından gülərək, dedi:

  • Sənə dedim axı, axırda kabab olacaq

Mən bir az təəssüf, bir az da hirslə ona:

  • Onda kabab qonaqlığı verməyə hazırlaş, - dedim.

Keçən dəfə o Praqadan karamelli trüfellər gətirmişdi. Fikrimcə Lvov şokoladı daha sadə olsa da daha dadlı idi. Buna görə də çox düşünmədən, elə bu konfetdən almağa qərar verdim. İşdə çox adamın Elçini sevmədiyini bildiyim üçün, qələbənin mənim olacağına demək olar ki, tam əmin idim.

Vaxtımız az olduğundan, bol sayda şokolad çeşidləri arasından seçməyə imkan olmadı. Vitrində qoyulan iki şokolad qutusunu götürüb, kassaya yollandım. Birini evə, birini işə alırdım. Şokolad qutuları kartondan idi və üstü tamamilə bağlıydı. Üzərində nə bəzəkli lentlər, nə də şəffaf plyonka yox idi. Sadə və zövqlü. Çox bəyəndim və hətta fikirləşdim ki, niyə bizdə belə sadə, ucuz amma zövqlü dizaynlar azdır? Şokoladların dəqiq tərkibini araşdırmağa vaxtım yox idi. Mənim üçün əsas o idi ki, içində alkoqol olmasın. Çünki işdə bir neçə dindar adam var idi. 

Bir dəfə Elçin bilmədən likörlü şokolad gətirmişdi. Cavanşir də (indi bizimlə işləmir) onu dadmış və içində alkoqol olduğunu anlayandan sonra Elçinə qışqırmağa başlamışdı. Həngamə qopmuşdu. Belə bir şeyi özüm də yaşamaq istəməzdim. Ona görə də satıcıdan konfetlərin tərkibi ilə maraqlandım. Satıcı məni əmin etdi ki, konfetlərdə alkoqol yoxdur.  Yediyimiz konfetlərin eynisi idi, sadəcə fərqli formalarda. Əmin olandan sonra ödənişi edib, dükandan çıxdım.

Bakıya qayıdan kimi, evdə şokolad qutusundan birisini açdıq. Yumru şəkildə olan karamel və vanil dolğulu şokoladların dadından doymaq olmurdu. Atam, anam və mən cəmi üç saata bütün qutunu bitirdik. Səhərisi gün isə iş üçün aldığım şokolad qutusunu qoltuğuma vurub, ofisə yollandım. 

Elçin hələ də gəlməmişdi. Deyəsən, layihə ilə bağlı görüşü var idi. Mən dərhal ona zəng edib nə vaxt gələcəyi ilə maraqlandım. Ona dedim ki, həyatındakı ən dadlı konfetləri yeməyə hazır olsun. O cavabında “görərik” dedi və güldü. Hiss etdirməsə də, səs tonundan anladım ki, o da təşvişə düşüb. Elçin yaman xəsis adam idi. Bütün ofisi kababa qonaq etmək də ucuz başa gəlməyəcəkdi.

İş yerimizin ənənəsinə uyğun olaraq, şokolad qutusunu mətbəxə qoydum ki, özünə çay süzməyə gələn hər kəs görə bilsin. Hamıya da elan etdim ki, Ukraynadan möhtəşəm şokolad gətirmişəm. Özüm isə iş masamın arxasına keçdim. Elçin gecikirdi. Mən isə artıq çox susamışdım və çay içmək istəyirdim. Onun gəlməsini gözləməyib, özümə çay süzməyə qərar verdim. Mətbəxə gələndə gördüm ki, şokolad qutusu açılmayıb, amma bir qırağında sanki balaca bir deşik var.  Sanki, kimsə qıraqdan qutunu açmağa çalışmış, amma sonra vaz keçmişdi. Məsələni tam başa düşməsəm də, fikirləşdim ki, yəqin kiminsə ürəyindən keçib, amma birinci açmağa utanıb. Ona görə dedim, qutunu açıq qoyum, həm də özüm birini yeyim.

Qutunu açdım və şokoladlardan birini götürmək istədim. Bu şokoladlar mənim evə gətirdiyim yumru şokoladlardan fərqli formada idilər. Üzərində qəribə pozalarda olan insan fiqurları var idi. Diqqətlə baxandan sonra şokolad konfetlərinin üstündə tam olaraq nə gördüyümü yavaş -yavaş başa düşməyə başlayırdım, amma hələ də gözlərimə inanmaq istəmirdim. Axı kim belə formada şokolad hazırlaya bilər? Niyə? Tam əmin olmaq üçün qutunun ora-burasına baxmağa başladım ki, ola bilər hardasa nə isə yazılıb və sonda  arxasında balaca bir ağ kağız üzərində “Шоколадные Конфеты – Камасутра” yazısını gördüm. 

Başımdan elə bil, qaynar su əndərdilər. 

Mən bu konfetləri işdəkilərə necə təqdim edəcəm axı? İşlədiyim Sahibkarlıq və Bazar İqtisadiyyatının Yardım Fondunda məndən başqa beş nəfər var idi. Bütün əməkdaşlar çox düzgün, amma kifayət qədər konservativ adamlar idi. Əksəriyyətinin yaşları da kifayət qədər çox idi. Direktorumuz Dəmir bəy 60-dan yuxarı, Məleykə və Dilşad xanımlar 55 yaşlarında idilər. Bəşir 30 yaşlarında olsa da dindar  və konservativ adam idi. Dediyim odur ki, bizim aramızda o dərəcədə zarafat və səmimiyyət yox idi ki, mən onlara üstündə “Kamasutra”dan az qala bütün pozalar olan şokoladlara qonaq edim. Bu zarafatı tək Elçin başa düşə bilərdi, amma heç ondan da əmin deyildim. 

Qarşımda “Kamasutra” şokoladları, çaşqın şəkildə mətbəxdə dayanmışdım. Bir tərəfdən situasiyanın absurdluğuna görə məni gic gülmək tuturdu, o biri tərəfdən də fikirləşirdim ki, vəziyyətdən necə çıxacam, axı mən artıq hamıya konfet gətirdiyimi demişəm. Fikirləşdim ki, deyim, konfetlərin vaxtı keçib. Onda da Elçin deyəcəkdi nə oldu, alanda baxmadın, həmişə bizi tənbeh edirsən bu barədə. Məleykə xanım isə sürətli danışıq tərzi ilə: “Aa, bir-iki ayla bir şey olmaz, konfetdir də yeyərik”  deyəcəkdi. Gərək başqa variant fikirləşim. Birdən düşündüm: “Görəsən, kimsə konfetləri görüb, axı qutunun qırağı bir az əzilmişdi”. Sonra fikirləşdim ki, yox belə şey ola bilməz. Olubsa da artıq gecdir. Qəfildən, uzaqdan ofisə girən Elçinin səsini eşitdim:

  • Hanı bizim ən gözəl şokolad seçənimiz? Hanı Zərif?

İki dəqiqəyə Elçin mətbəxə girəcəkdi. Mən təşvişə düşmüşdüm. Nə edəcəm? Bu vaxt Elçin mətbəx qapısından boylanıb yüksək səslə:

  • Salam Zərif! – qışqırdı

Mən diksindim və əlim stolun qırağında olan konfet qutusuna dəydi. Qutu yerə aşdı. Elçin çaşıb qaldı, mən isə Kamasutra konfetlərdən qurtulduğuma görə rahatladım 

  • Nə oldu? – deyə Elçin soruşdu

Mən əvvəl sakitcəsinə: - Əlim dəydi  - dedim.

Sonra isə ürəklənib:  

  • Bax, hamısı sənin günahındır! Elə bərkdən qışqırdın ki, ürəyim düşdü. Əlim də qutuya dəydi, aşdı, - deyə-deyə, ayaqlarımla Elçinin tərəfinə səplənmiş konfetləri öz tərəfimə itələməyə çalışırdım. 

Elçin, əlbəttə, belə sözlərə aldanan adam deyildi:

  • Bəsdir sən allah, gördün ki, bir qəpiklik konfet deyil gətirdiyin və yerə saldın ki, biabır olmayasan.
  • Yox bir. Mənim ağlıma belə şeylər gəlməz, - özümü əməlli-başlı artistliyə qoydum. 
  • Yaxşı, mən yerdən də yeyərəm! – deyib, Elçin yerdəki konfetlərdən birini götürmək istəyəndə mən dərhal topuğumla o konfeti əzişdirdim. 

Elçinin ağzı açıq qaldı

  • Tək sənin yeməyin vacib deyil, hamı qərar verməlidir. Sən olsan, ancaq özünə səs verərsən.- deyə, cəsarətli çıxış etdim.

Elçin mənim belə ani çıxışımdan özünü itirib, sakitcə:

  • Yaxşı, kömək edim, yığıştıraq - dedi. 

Mən isə ona sərt şəkildə:

  • Yox, yox! Lazım deyil. Özüm edərəm – deyə bağırdım.

O, mətbəxdən çıxdı. Mən şokoladları qara plastik paketə tez yığıb zibilə tulladım. Hətta tam hissələri parçaladım ki, çaşıb zibilə baxan bir şey başa düşməsin. İş otağına keçdim. Elçin bayaqkı şokun üstündən gəlmiş və həmişəki “itoynadan” halına dönmüşdü:

  • Hə nə oldu, indi kim kimə qonaqlıq verir?
  • Bəs sənin şokoladlarına nə oldu? – Məleykə xanım soruşdu.
  • Əlimdən düşdü- deyə mən qəmgin şəkildə cavab verdim.

Dilşad xanım, Dəmir bəy və Məleykə xanım hamısı mənə təəssüf edib: “olan şeydir” dedilər. Təkcə Bəşir altdan-altdan gülümsəyirdi...

Ertəsi gün qoltuğumda altı porsiya lülə, tikə, pomidor, badımcan kababı ilə ofisə yollandım. 

Zərif Bəkirova

Hekayə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun