Fərid Mehralızadə: "İpotekayla ev almaq istəyən şəxs 30-40 min manat ilkin ödəniş etməlidir"

Fərid Mehralızadə: "İpotekayla ev almaq istəyən şəxs 30-40 min manat ilkin ödəniş etməlidir"
18 Oktyabr 2021
Mətni dəyiş

Uzun illərdir Azərbaycanda həllini tapmayan problemlərdən biri də gənclərin ev problemidir. Xüsusən, gənc ailələr evləndikdən sonra uzun illər aylıq qazanclarının böyük hissəsini kirayə mənzillərə ödəyirlər.

Son statistikaya görə, 2021-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 30289 nikaha daxilolma qeydə alınıb. Müqaisə etsək, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,2-yə yüksəlib. Ölkənin iqtisadi göstəricilərinə, əmək bazarına və mənzil bazarına nəzər salsaq, aydın olar ki, bu ailələrin də böyük əksrətiyyəti ev problemi yaşayır.

Lakin bu problemlər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində böyük ölçüdə həll olunmalı idi.

Konsepsiya çərçivəsində nəzərdə tutulurdu ki, gənclərin və gənc ailələrin ehtiyaclarının ödənilməsi məqsədi ilə sosial ipotekanın şərtləri daha da təkmilləşdiriləcək.

Abzas Media məsələ ilə bağlı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna sorğu ilə müraciət edib. Fondun cavabından məlum olub ki, bu sahədə işlər görülsə də, proqramda nəzərdə tutulan nəticələrin əldə edilib-edilməməsi hələ sual altındadır.

Fond sorğuya cavab olaraq bildirib ki, 2006-2021-ci illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,9 mlrd. manatı ötüb, bu kreditlər hesabına 35000-dən artıq  ailəninin mənzilə olan tələbatı ödənilibdir. Bu kreditlərin təxminən 35%-i güzəştli kateqoriyalara aid şəxslərə, kreditlərin böyük hissəsi, təxminən 70%-i gənclərə və gənc ailələrə verilib.

Qeyd olunub ki, əhalinin ipoteka kreditlərinə əlçatanlığının artırılması, iş proseslərində operativliyin və şəffaflığın daha da yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Fondun fəaliyyətə başladığı 2006-cı ildən bugünədək, o cümlədən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın əhatə etdiyi dövrdə ipoteka kreditləşməsi mexanizminin təkmilləşdirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib.

"ipoteka kreditləşməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və vahid standartların tətbiqi – 2007-ci ildən etibarən mülki qanunvericiliyə edilən müvafiq dəyişikliklər əsasında ipoteka krediti götürmək üçün əlavə təminata malik olmayan əhalinin bu kreditlərə çıxışının təmin edilməsi məqsədilə klassik ipoteka mexanizminin (ipoteka krediti hesabına alınan yaşayış sahəsinin eyni zamanda girova qoyulması) tətbiqinə başlanılıb. Bu sahədə normativ hüquqi baza formalaşdırılıb, nümunəvi sənəd formaları (kredit müqaviləsi, ipoteka müqaviləsi, alqı-satqı və ipoteka müqaviləsi, anket formaları və s.) hazırlanıbdır.

Bununla bərabər, güzəştli ipoteka kreditləşməsi mexanizminin formalaşması -  gənc ailələrin, hərbi qulluqçuların, o cümlədən dövlət qarşısında xüsusi xidmətləri olan digər şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün  2007-ci ildən güzəştli ipoteka kreditlərinin verilməsinə başlanılıbdır. Müvafiq dövr ərzində güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin dairəsi mərhələli şəkildə genişləndirilibdir. Belə ki, 2017-ci ildə elmi vəzifədə işləyən elmi işçilər,  15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, 2020-ci ildə   gənc ailənin üzvü olan  dövlət ümumi təhsil müəssisəsində işləyən müəllimlər, 2021-ci ildə gənc ailənin üzvü olan  Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları) ipoteka kreditini güzəştli şərtlərlə almaq imkanına malik olan siyahıya daxil edilmiblər. (tam siyahı əlavə olunur).

2007-2021-ci illərdə ümumilikdə 630,1 mln.manat məbləğində 12000-dən artıq güzəştli ipoteka krediti verilib.

Əlavə olaraq, qeyd etmək lazımdır ki, güzəştli ipoteka kreditləşməsi vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də həyata keçirilir. MİDA-nın sərəncamında olan mənzillərin təxminən 70%-nin satışı Fondun xətti ilə verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib.

Şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etmək məqsədilə 2018-ci ilin sonlarından etibarən ipoteka kreditləri üzrə zəmanətlərin verilməsinə başlanılıb.

Maliyyə çətinliyi ilə üzləşmiş borcalanların ödəmə qabiliyyətinin yaxşılaşdırılması və hüquqlarının müdafiəsi ilə bağlı Fond tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri üzrə restrukturizasiya mexanizmi yaradılıb, restrukturizasiya ilə bağlı daxili qaydalar və tələblər müəyyənləşdirilib, borcalanların müraciətlərinə müvafiq olaraq mexanizmin tətbiqinə başlanılıbdır.

Fond cavab olaraq əlavə edib ki, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, ipoteka kreditləşməsi proseslərinin sürətləndirilməsi və şəffaflığın artırılması məqsədilə "Elektron İpoteka və Kredit Zəmanət  Sistemi" yaradılmıb. Bu sistem vasitəsilə ipoteka kreditlərinin verilməsi prosesləri, o cümlədən əhalidən kredit üzrə birbaşa elektron müraciətlərin qəbulu, müvəkkil banklar tərəfindən verilmiş ipoteka kreditlərinin rəsmiləşdirilməsi və yenidən maliyyələşdirilməsi prosesləri avtomatlaşdırılıb, o cümlədən ipoteka kreditləri üzrə ödənişlərin (sığorta ödənişləri də daxil) elektron qaydada aparılması imkanı təmin edilibdir. AbzasMedia məsələ ilə bağlı ekspertlərin də fikirlərini öyrənib. Tam ətraflı videosüjetdən tanış ola bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun