Zərərli və zəhərli dərdlər haqqında - Seymur Baycan

Zərərli və zəhərli dərdlər haqqında - Seymur Baycan
20 Noyabr 2020
Mətni dəyiş

– Demişdiniz ki, yazıçı fikirlərinə görə qiymətləndirilməməlidir.

– Xeyir, fikirlərin vacib olduğuna inanmıram.

– Bəs onda bir yazıçını nəyə görə qiymətləndirməliyik?

– Məncə, yazıçı yazdıqlarının oxucuya verdiyi zövqə və oyandırdığı hisslərə görə qiymətləndirilməlidi.

Xorxe Luis Borxesin müsahibəsindən.

Yazılarını diqqətlə oxuduğum, lap çoxdan tanıdığım hörmətli Yalçın İslamzadə neçə müddətdir ədəbiyyatın, ədəbiyyatçıların bostanına daş-kəsək atmağı özünə məşğuliyyət seçib. Son illər Yalçın bəy az qala hər yazısında ədəbiyyatın, ədəbiyyatçıların bostanına daş-kəsək atır, yazılarında ədəbiyyatı, ədəbiyyatçıları gözdən salmağa uğursuz cəhdlər edir. Məsələn, Yalçın bəy “Avropanın yarımçıq ağlı” adlı yazısında yazır:

Aktiv oxucuların mütləq əksəriyyəti ədəbiyyat oxucularıdır və dayanmadan bir əsərdən digərinə keçir, oxuduqları ədəbi əsərlərin siyahısını artırır, hətta ədəbiyyatı təbliğ edən bəzi yazarlardan da çox mütaliə edirlər. Ancaq ədəbiyyat real həyat deyil və həyatdakı hansısa tipi hansısa əsərdəki obraza bənzətmək, ya da hansısa hadisəni hansısa əsərdəki hadisəyə oxşada bilmək və hər kəsin bildiyi problemləri kim bilir neçə mininci dəfə, bir az da koloritli formada ifadə etmək ziyalı olmaq deyil. Ədəbiyyatla başlamaq faydalıdır, ancaq o çərçivədə qalmaq mütaliənin səmərəsizliyi ilə nəticələnəcək.

Əvvala ondan başlayaq ki, Yalçın bəyin fizika bayrağı altında ədəbiyyata qarşı elan etdiyi bu birtərəfli müharibəni başa düşməkdə, bu birtərəfli müharibəni yaradan, şərtləndirən səbəbləri axtarıb tapmaqda ciddi mənada çətinlik çəkirəm. Düzdür, Yalçın bəy qəti şəkildə iddia edə bilər ki, ədəbiyyata qarşı heç bir qərəzi yoxdur, yazılarındakı fikirlər düzgün başa düşülməyib, yaxud Erkin Qədirli demişkən, fikirləri kontekstdən çıxarılıb və s. və i. Lakin onu da nəzərə almaq lazımdır ki, biz də saqqalı dəyirmanda ağartmamışıq. Uzun illərdir yazı-pozunun içindəyik. Yazını oxuyanda müəllifin daxili aləmini, ovqatını, nə demək istədiyini, nə demək istəyib də tam deyə bilmədiyini azdan-çoxdan tutmağı, hiss etməyi bacarırıq. Yəni, Yalçın bəy hətta inkar etsə belə onun ədəbiyyata qarşı qərəzli mövqeyi yazılarında açıq-aydın hiss olunmaqdadır və onu da mutləq qeyd edim ki, bu təkcə mənim müşahidəm, qənaətim deyil, bir neçə digər qələm adamları da Yalçın bəyin ədəbiyyata qarşı qərəzini açıq-aydın hiss ediblər.

Beləliklə, hal-hazırda bu suala cavab tapmaq mənim üçün çox maraqlıdır; görəsən Yalçın bəy ədəbiyyata nə verib, indi də geri ala bilmir? Görəsən, Yalçın bəyi həqiqi mənada, ürəyinin dərinliklərində narahat edən nədir? Niyə Yalçın bəy belə narahatdır? Narahat olmaq pis şey deyil, amma məsələ ondadır ki, Yalçın bəyin narahatlığında zərrə qədər də bəşərililik əlamətləri yoxdur. Böyük ehtimalla onun ədəbiyyata qarşı qərəzi çox balaca hisslərinin cəmindən yaranmış, hamıdan və hər kəsdən əvvəl özünün əleyhinə olan zərərli, zəhərli bir “fenomendir”.

Əgər Yalçın bəyi hansısa yazıçının, şairin mövcudluğu, varlığı, hansısa yazıçının, şairin beş-altı oxucu qazanması bərk narahat edirsə, xahiş olunur bunu açıq şəkildə ifadə etsin. Açıq şəkildə desin ki, filankəsin varlığı, mövcudluğu, beş-altı oxucu qazanması məni bərk narahat etməkdədir. Belə olduğu halda onun işi xeyli asanlaşar. Daha bu qədər əzab-əziyyət çəkərək fizika bayrağı altında ədəbiyyatı zorla elmə qarşı qoymaq, ədəbiyyatı zorla elmin düşməni rolunda təqdim etmək nəyə və kimə lazımdır?

Ədəbiyyat elmin düşməni deyil. Zorla, süni şəkildə ədəbiyyatı elmə qarşı qoymaq, ədəbiyyatı elm yolunda səngər, istehkam kimi təqdim etmək mənasızlıq, bir az da dayazlıqdır. Ədəbiyyat nəinki elmin düşməni deyil, hətta ədəbiyyat elmın inkişafında müstəsna rol oynayıb. Aydın məsələdir, nəyisə yaratmaq üçün insan əvvəlcə onu təssəvvür etməlidir. Ədəbiyyat isə insanların təxəyyülünün sərhədlərini genişləndirir. Eynşteyn deyirdi: “Əgər uşaqlarınızın ağıllı olmasını istəyirsinizsə, onlara nağıl oxuyun. Əgər uşaqlarınızın daha da ağıllı olmasını istəyirsinizsə, onlara daha çox nağıl oxuyun.”

Yaxşı, indi biz kimə inanaq, Yalçın bəyə, yoxsa Eynşteynə? Mən şəxsən bir köhnə tanış, bir yerli kimi Yalçın bəyə inanmaq istərdim, amma Eynşteynin nəhəng həyat və yaradıcılığı buna qəti imkan vermir. Eynşteyn kimi bir nəhəngi kənara qoyub, bir köhnə tanış, bir yerli kimi Yalçın bəyə necə inanım? Hər şeyin bir sərhədi olmalıdır!

Dünyanın ən mötəbər alimlərini yetişdirən Qərb universitetlərinin hərəsi bir ədəbiyyat jurnalının təsisçisidir. Niyə Amerikanın Yale (Yel) Universiteti ədəbiyyat jurnalı (“Yale Review”) nəşr edir?! İki yüz ildir nəşr edilən bu sanballı ədəbiyyat jurnalında çap olunan yazıçılara, şairlərə, publisistlərə universitet niyə böyük qonorarlar ödəyir? Fizika da daxil olmaqla elmin müxtəlif sahələrində mütəxəssislər yetişdirən bu universitet görəsən, ədəbiyyata niyə belə əhəmiyyət verir?!

Yaxud götürək dünyaca məşhur, ən ardıcıl və böyük ədəbiyyat jurnallarından biri hesab edilən, rüblük nəşr olunan “Ploughshares” jurnalını. Bu jurnala niyə rəsmi şəkildə Amerikanın bir universiteti (Boston Emerson) ev sahibliyi edir?!

Stiven Hokinq vəfat edəndə Yalçın bəy onun haqqında bir yazı qələmə almışdı. Yalçın bəyin sevimli alimi Stiven Hokinq harda, hansı universitetdə böyük alimlik mərtəbəsinə ucalmış, öz riyaziyyat, fizika, kosmos sahəsində elmi tədqiqatlarını aparmış, rütbələr almışdır? Kembric Universitetində. Bu universitetin məhz Stiven Hokinqin oxuduğu, işlədiyi institutu (Trinity Hall – red.) “Kembric Literari Revyu” adlı ədəbiyyat jurnalı buraxır.

Ədəbiyyat və elm bir-birinə qarşı iki barışmaz cəbhə olsaydı, görkəmli fiziklər, riyaziyyatçılar yetişdirən, böyük-böyük tədqiqatların ocağı olan bu və digər universitetlər ədəbiyyat jurnalları buraxardılarmı? Bu qədər pulu havaya sovurardılarmı?!

Yalçın bəy deyir ki, ədəbiyyatla başlamaq faydalıdır, ancaq o çərçivədə qalmaq mütaliənin səmərəsizliyi ilə nəticələnəcək.

Bu, gənc oxucuları tamam azdırmaqdır. Belə çıxır ki, ədəbiyyat mütaliənin uşaqlığıdır, ədəbiyyat oxuyan adam böyüdükcə, yetkinləşdikcə keçməlidir elmi kitablara. Bu, kökündən səhv yanaşmadır.

Ədəbiyyat və elm bir-birinin ardınca gələn pillələr deyil. Ədəbiyyatla elm insanın hərtərəfli inkişafının iki paralel tərəfidir ki, hər ikisi ömür boyu davam edir və davam etməlidir. Elmi ədəbiyyat əqli inkişafa (IQ – red.) xidmət edirsə, bədii ədəbiyyat emosional inkişafa (EQ-red.) xidmət edir. Onların hər ikisi sağ və sol əl kimi adəm övladına gərəkdir, lazımdır.

İkincisi, Yalçın bəy ədəbiyyatın bostanına daş atmaq məşğuliyyətinə xərclədiyi enerjinin əvəzinə Azərbaycan dilində yazılmış on-on beş əsəri zəhmət çəkib diqqətlə oxusa, bəlkə də yazılarındakı qarışıq, dolaşıq, başı-ayağı itmiş cümlələr bir az qaydasına düşər və nəticədə yazıları oxucular tərəfindən daha rahatlıqla oxunar, fikirləri oxucular tərəfindən daha asanlıqla həzm olunar.

Yalçın bəyə ədəbiyyatın faydaları haqqında dastan oxumaq fikrində deyiləm. Buna ehtiyac görmürəm. Sadəcə bir neçə yazıda vurğuladığım fikirləri bir daha vurğulamaq istərdim. Mən tarixi yaxşı bilən adamlara çox rast gəlmişəm. Həmin adamlardan bəziləri məhz ədəbiyyat sahəsində axsadıqlarına, ədəbiyyata qarşı mənasız yerə dava apardıqlarına, ədəbiyyatla mənasız yerə öcəşdiklərinə görə tarixi hiss etməkdə ciddi çətinlik çəkirlər. Ədəbiyyatı saymayan adamlar bəzən tarixi heç yerli-dibli hiss edə bilmirlər. Ədəbiyyat bizə bir dövrdə yaşayıb başqa dövrləri hiss etmək şansı, daha dərinə getdikdə isə bizə tarixdə ərimək imkanı tanıyır. Əbəs yerə deyilməyib: “Yalnız ayrı-ayrı insan talelərini öyrənməklə tarixi hiss etmək olar.”

Üçüncüsü, Yalçın bəy ədəbi mühitin köməkliyi, vasitəsilə tanınıb, mətbuata yolu açılıb, həyatına məna qatıb… Bunları yəqin özü də inkar etməz. Hər şey bir tərəfə, ədəbi mühitin köməkliyi, vasitəsilə tanınıb, həyatına məna qatıb sonra ədəbiyyat bostanına elə hey daş atmaq, bir az ədalətsizlik deyilmi? Hərçənd, şeytan detallarda gizlənsə də, burada detallara girmək istəmirəm. Sadəcə onu demək istəyirəm ki, insanda çox yox, bir az ədalət hissinin olması yaxşı şeydir.

Ümumiyyətlə, bəzi insanların ədəbiyyata, xüsusən yerli müəlliflərə, əsərlərə, tərcüməçilərə qarşı ifrat tələbkarlığını başa düşmək çətindir. Formalaşmağında ədəbiyyatın müstəsna rol oynadığı bir camaatın nümayəndələri niyə yerli müəlliflərə, əsərlərə, tərcüməçilərə qarşı belə qəddarcasına tələbkardırlar? Yerli müəlliflərə, əsərlərə qarşı ifrat, amansız, qəddar, tələbkar münasibəti adamlara qadağan etmək olmaz. Lap yaxşı, qoy adamlar yazıçılara qarşı tələbkar münasibətdə olsunlar. Bu tələbkarlığın hamıdan çox elə yazıçıların özünə xeyri var. Amma nədənsə yazıçılara qarşı ifrat dərcədə tələbkarlıq edən adamlar başqa sahələrə gəldikdə tələbkarlıqlarını tamam yaddan çıxarmaqla bərabər, başqa sahələrdəki problemlərə asanlıqla, peşəkarcasına bəraət qazandırırlar. Əgər adamlar həqiqətən yerli müəlliflərə qarşı səmimi surətdə belə tələbkardırlarsa, onda zəhmət çəkib başqa sahələrdə də tələbkar olsunlar. Başqa sahələrdə də, məsələn, təhsildə, səhiyyədə, məhkəmə sistemində də dünya standartları tələb etsinlər. Yerli müəllifdən dünya standartları tələb edən adamların başqa sahələrə gəldikdə öz tələbkarlığını unutması, unutmaqdan əlavə, hətta başqa sahələrdəki problemləri peşəkarcasına, zərgər dəqiqliyi ilə malalaması riyakarlıq deyilmi? Məntiqlə, yerli yazıçıdan dünya standartı tələb edən adam Azərbaycanda yerləşən istənilən məktəbə, məhkəməyə, xəstəxanaya, poliklinkaya ayağını basanda gördüyü dəhşətdən və vəhşətdən girişdəcə ürəyi partlamalıdır. Partlayırmı? Partlamır. Deməli, tələbkarlıqlarında səmimi deyillər. Heç nə, ayının min oyunu bir armudun başında olduğu kimi, bəzi vətəndaşlarımızın xüsusən yerli müəlliflərə, tərcüməçilərə qarşı ifrat təlabkarlığı, bu müstəvidə danışdıqları nağıllar, uydurduqları bəhanələr on manat verib kitab almaq əzabından, məşəqqətindən xilas olmaq üçündür.

Məsələnin başqa bir tərəfi də var. Ədəbiyyat adamları, yazıçılar, şairlər, tənqidçilər hər bir tribunadan istifadə edərək, hətta sırf, qatı hakimiyyətyönlü mətbuatda belə öz sahələrində mövcud olan problemləri zaman-zaman bacardıqları qədər dilə gətirirlər. Kimisi bir az sərt, kimisi bir az yumşaq formada. Ona görə ədəbiyyatçılar başqa sahənin adamlarına nisbətən həm çox, həm də aktiv görünürlər. Əgər digər sahənin adamları öz dərdlərini, problemlərini hansısa səbəblərdən dilə gətirməyə çəkinirlərsə, bu ədəbiyyatla məşğul olan adamların dünəndən problemi deyil. Digər sahələrin adamları da bacarırlarsa, nəsə onlara ciddi şəkildə mane olmursa, buyursunlar, onlar da problemləri dilə gətirsinlər.

Əlbəttə, bütün bunlar aydın məsələlərdir. Söhbət hansısa sahənin inkişaf etməsindən, hansısa sahənin inkişafdan qalmasından getmir. Söhbət ürəyin nə qədər böyük, nə qədər kiçik olmasından gedir. Yazının bir cümləlik məğzi, canı da elə bundan, ürəyin nə qədər böyük, nə qədər kiçik olmasından ibarətdir. Məsələn, son illərdə adamların kino zövqündə müsbət istiqamətdə xeyli dəyişiklik baş vermişdir. Bu prosesdə üç ifritənin – Sevda Sultanovanın, Aygün Aslanının, Aliyə Dadaşovanın böyük zəhməti oldu. Son vaxtlar münasibətlərimizdə ictimai-siyasi hadisələrə fərqli baxışlarımıza görə xeyli soyuqluq yaransa da, Sevdanın kino haqqında yazılarından xeyli bəhrələnmişəm. Sevdanın yazılarında adını çəkdiyi rejissorların filmlərini axtarıb, tapıb baxmışam. Şəxsi münasibətlərdə baş verənlərin məsələyə dəxli yoxdur, hər kəsin haqqı verilməlidir. Zaman-zaman Sevdadan, Aygündən, o cümlədən Əli İsa Cabbarovdan və bu qəbildən olan digər şəxslərdən hansı filmə baxmaq barəsində məsləhətlər istəmişəm. Baxmayaraq ki, muğənnilər demişkən, məni yaxından tanıyan adamlar kino zövqümün, bazamın kifayət qədər yaxşı olduğunu bilir. Sözümün canı odur ki, insanların kino zövqünün müsbət istiqamətdə dəyişməsinə yalnız və yalnız sevinə bilərəm. Əgər bir insanın ürəyində paxıllıq hissi yoxdursa, işini-gücünü buraxıb adamların kino zövqünün müsbət istiqamətdə dəyişməsini, adamların səviyyəli filmlərə baxmasını, yaxud adamların ədəbiyyat oxumasını ilin-günün bu vaxtı niyə, nədən ötrü özünə dərd eləməlidir?

Seymur Baycan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun