Ruhani nüvə alimi Möhsün Fəxrizadənin qətlinin intiqamını alacağına söz verib

Ruhani nüvə alimi Möhsün Fəxrizadənin qətlinin intiqamını alacağına söz verib
30 Noyabr 2020, 15:16

İran prezidenti Həsən Ruhani nüvə alimi Möhsün Fəxrizadənin qətlinin intiqamını alacağına söz verib. O və digər İran liderləri qətlə görə İsraili günahlandırır.

Ancaq bəzi diplomatlar və analitiklər İranın bu il sui-qəsd edilən ikinci böyük hərbi xadimi olan 59 yaşlı alimin intiqamının tez bir zamanda alınacağını gözləmədiklərini deyir.

İsrail Fəxrizadənin ölümü ilə bağlı hələ ki, heç bir şərh verməyib, amma İsrailin baş naziri Benyamin Netanyahu bir dəfə mətbuat konfransında “bu adı yadda saxlayın” demişdi.

Son onillikdə qətlə yetirilmiş İran nüvə alimlərinin ölümündə İsrailin əli olduğuna dair ehtimallar var.

Pentaqon da Fəxrizadənin ölümü ilə bağlı Reuters agentliyinin sorğusuna cavab verməyib.

İranın yarırəsmi Fars agentliyinin məlumatına görə, hücum Tehranın şərqindəki kiçik Absard qəsəbəsində baş verib.

Hadisənin şahidləri əvvəlcə partlayış, sonra isə atışma səsləri eşidiblər.

Agentlik bildirir ki, hücumun hədəfi Fəxrizadənin içində olduğu avtomobil olub.

Fəxrizadə İranın Omed (Ümid) adlı dövlət proqramına rəhbərlik edirdi.

İsrail və Qərb iddia edirdi ki, bu proqram İranda nüvə silahının yaradılması istiqamətində fəaliyyət göstərir.

Tehran israr edir ki, onun nüvə proqramı sırf dinc məqsəd daşıyır.

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İmed proqramı 2000-ci illərin əvvəllərində başa çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun