Demək olar hər bir neçə aydan bir SOCAR-da işçi ölümü ilə müşayət olunan bir hadisə baş verir. Belə ölümlərin çoxunun səbəbi ya təhlükəsizlik qaydalarına əməl edilməməsi, ya da fırtınalı günlərdə işçilərin işə çıxardılması olur.
Belə faciəvi ölümlərdən biri də bu gün baş verib. Takelajçının gəminin yırğalanması nəticəsində yıxıldığı bildirilir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı Ağazaman Əlqardaş oğlu Hüseynov dənizdə boğularaq ölüb. Xəbəri SOCAR-a istinadən Trend agentliyi yayıb.
Bildirilir ki, MPK-460” gəmisi “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Ağazaman Hüseynov gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.
“Suya atılan xilasetmə dairələrini tuta bilməyən Ağazamin Hüseynov “Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.
Gəmidə olan heyət tərəfindən ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, öldüyü məlum olub,”- xəbərdə bildirilir.