Xarici işlər naziri Ceyhun Bayramovun ailə sərvəti [Araşdırma]

Xarici işlər naziri Ceyhun Bayramovun ailə sərvəti [Araşdırma] Xarici işlər naziri Ceyhun Bayramov
17 İyul 2023
Mətni dəyiş

Xarici işlər naziri Ceyhun Bayramov 2013-cü ildə dövlət qulluğuna gələndə özəl hüquqi şirkətdə direktor vəzifəsində çalışırdı. Qanunvericiliyə görə, dövlət məmuru vəzifəsinin icrasına başlayanda biznesi ilə xudahafizləşməlidir. Amma cənab Bayramovun əhəmiyyətli paya sahib olduğu "OMNİ" şirkəti ilə ötən 10 il ərzində əlaqələrini tam kəsmədiyini söyləmək üçün əsaslar var. 

Bəzi qlobal platformalarda o, hələ də şirkətin idarəedici tərəfdaşı kimi təqdim edilir. Üçbucağın başqa bir diqqət çəkən tərəfi isə səhmdarlarına milyonlarla manat dividend ödəyən şirkətin dövlətin təşkil etdiyi satınalmalarda davamlı uğurlu iştirakıdır. 

Hüquq və məsləhət xidmətləri sahələrində fəaliyyət göstərən şirkətin üç qurucu həmtəsisçisindən biri Ceyhun Bayramovdur. Şirkətin internet səhifəsində onun 2002-ci ildə yaradıldığı yer alır. Rəsmi mənbələr isə şirkətin 2003-cü ilin noyabrında dövlət qeydiyyatına alındığını təsdiq edir.

Nazirin dövlət vəzifələrinə gəlişi ilə şirkətlə rəsmi üzülüşməsi bir anda baş verməyib. 2013-cü ilin mayın 30-da Ceyhun Bayramov Təhsil Nazirliyinin aparat rəhbəri təyin olunub. Məhz həmin gün Bridge Plaza-da təşkil olunan səhmdarların illik ümumi yığıncağında onun dövlət qulluğuna keçidi səbəbindən şirkətdəki vəzifədən istefası məsələsinə baxılmayıb. Səhmdarlar Ceyhun Bayramovun vəzifədən azad edilməsinə yalnız sentyabrın 17-də təşkil olunan yığıncaqda – onun təhsil nazirinin müavini vəzifəsinə təyinatından bir ay sonra qayıdıblar.

“OMNİ” şirkətinin direktoru vəzifəsini tərk etdikdən sonra ən azı 2017-ci ilin mayın 10-dək Ceyhun Bayramov səhmdar cəmiyyətindəki səhmlərini qoruyub saxlayıb. Düz bir il sonra, 2018-ci ilin mayın 10-da keçirilən yığıncaqda 5 nəfərdən ibarət səhmdarların arasında 30 faizlik səhm sahibi kimi artıq Ceyhun Bayramovun deyil, onun həyat yoldaşı Aygün Hüseyn qızı Bayramovanın adı keçirdi. Həmin vaxt Ceyhun Bayramov təhsil naziri vəzifəsinə irəli çəkilmişdi.

Təhsil Nazirliyinə gəlməzdən öncə Ceyhun Bayramov daha bir şirkətdən ayrılıb. Bu, “Omni Legal And Consultancy Services Ltd.” ofşor şirkətidir. Şirkət 2009-cu ilin avqustunda Britaniyanın Virgin Adalarında Ceyhun Bayramovla onun Bakıdakı biznes ortağı Roman Alloyarov birgə yaradıb. Amma birbaşa yox, məşhur “Panama Sənədləri”ndə qeyd olunduğu kimi, Panamanın “Mossack Fonseca” hüquq şirkətinin köməyi və  Panamanın “Brotherhood Foundation” fondu vasitəsilə. İsveçrədə fəaliyyət göstərmiş bu ofşor şirkətin kimə, hansı hüquqi yardım etməsi barədə açıq məlumat yoxdur. Bircə o məlumdur ki, Ceyhun Bayramovun Təhsil Nazirliyinə gəlməsindən bir neçə gün qabaq, yəni 2013-cü ilin aprelin 30-da şirkət fəaliyyətini dayandırıb.

Bakıdakı “OMNİ” şirkətinə gəlincə, şirkət yaydığı illik hesabatlarına görə  əvvəlki illərdə 5-7 nəfər, 2021-ci il ərzində 12 nəfər işçisi olan kiçik hüquq şirkətidir. İşçilərinin sayı az olsa da, Azərbaycan meyarlarına görə, kifayət qədər böyük maliyyə dövriyyəsi var. Şirkətin müştəriləri arasında dövlət təşkilatları da az deyil. 

Maliyyə göstəricilərinə görə, Ceyhun Bayramovun səhm sahibi olduğu illərdə şirkətin 2013-cü ildə 452 min manat, 2014-cü ildə isə 263 min manat xalis mənfəəti olub. Şirkətin bölüşdürülməmiş mənfəətinin məbləği 2014-cü ildə 2,4 milyon manatı keçib. “OMNİ” QSC bu illərdə bir qayda olaraq səhmdarlarına dividend ödəmədiyini bəyan etsə də, 2017-ci ilin sonunda bölüşdürülməmiş mənfəət 1,4 milyon manata enmişdi. Növbəti illərdə də şirkətin işləri pis getməyib.

Hesabatlara görə şirkət 2020 və 2021-ci illərdə ümumilikdə Bayramovlar ailəsinə 1 milyon 317 min manat dividend ödəyib. 2022-ci ilin necə yekunlaşması haqda hesabat hələlik dərc edilməyib.    

Hüquqi məsləhət xidmətləri sahəsində “OMNİ” QSC-nin yolları dövlət qurumları ilə dəfələrlə kəsişib.

İqtisadiyyat Nazirliyi 2019-cu ildə  Qızılbulaq, Vejnəli və digər qızıl filiz yataqlarında ABŞ-ın “R.V. İnvestment Group Services” şirkətinə məxsus payların alqı-satqı üsulunun həyata keçirilməsi ilə bağlı “OMNİ” şirkətindən məsləhət xidmətinin alınması üçün müqavilə bağlayıb. Hüquq şirkətinə bundan ötrü 265.000 manat ödənilib. Müqaviləyə görə OMNİ şirkəti qızıl yatağının alqı-satqısı ilə bağlı hüquqi məsləhət verməli olsa da, Azərbaycan dövləti ABŞ şirkətinin istismarına verdiyi bu yataqları ondan geri almayıb. Əksinə, 2022-ci ildə hökumət daha üç yatağı –“Qaradağ”, “Xarxar” və “Dəmirli” əlvan metal yataqlarını onun müqavilə sahəsinə daxil edib.

Ceyhun Bayramovun xanımından başqa 27 yaşlı oğlu Rəhim Bayramlı da biznes idarəçiliyində iştirak edir. O, bir vaxtlar atasının rəhbərlik etdiyi Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun nəzdində 2021-ci ildə yaradılmış Sabah.lab MMC-nin icraçı direktorudur.  

Rəsmi tədbirlərdə onu “sahibkar və Azərbaycanda bir sıra uğurlu startapın təsisçisi” kimi təqdim edirlər. Rəhim həm də “İntegrity Qrup” şirkətinin iki icraçı direktorundan biridir.  

“İntegrity Qrup” şirkəti həm də “Sabah.Lab”ın tərəfdaşlarındandır. 

Sabah.lab MMC-ə sorğu göndərib, Rəhim Bayramlının biznesini qurmaq üçün sərmayeni necə əldə etməsi barədə soruşsaq da, suallarımıza cavab verilmədi. 

Korporativ hüquq üzrə ekspert Əkrəm Həsənov Ceyhun Bayramovun vəzifədə olarkən şirkətdə səhm sahibi olmasını qanunvericilikdə olan boşluqla əlaqələndirir. O bildirir ki, bu, kommersiya fəaliyyəti hesab olunmur və qanunla qadağan edilməyib. Amma ekspert vurğulayır ki, Bayramov vəzifəyə gəldiyi vaxt şirkətin rəhbərliyindən uzaqlaşmalı idi.

""Dövlət qulluğu haqqında" qanun var. O qanuna görə də bu şəxslər başqa fəaliyyətlə məşğul ola bilməzlər. Əgər məşğul olurlarsa və bu üzə çıxırsa, onlar vəzifələrindən azad olunmalıdırlar. Amma Azərbaycanda mütləq əksər hallarda dövlət məmurları kommersiya, biznes fəaliyyəti ilə qeyri-rəsmi məşğuldurlar. Heç bunu heç yerdə, heç vaxt müəyyən etmək olmur"- Əkrəm Həsənov bildirib.v

“OMNİ” hüquq şirkəti nazir Ceyhun Bayramovun şirkətlə hazırkı əlaqələri barədə sorğumuza cavab verməyib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə suallarımızı rəhbərliyə məruzə etdiyini bildirsə də, nazirdən cavab gəlməyib. 

Araşdırma və vizualizasiya: AbzasMedia

Paylaş:

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun